11 Aprel 2023 17:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq siyasət üzrə ekspert Elxan Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qarabağ erməniləri yenidən rəsmi Bakının nümayəndələri ilə görüşmək istəyirlər. Bundan əvvəl görüşdən imtina etmişdilər. Bəs indi nə dəyişdi?

- Görüşdən imtina etməmişdilər, sadəcə Bakıya gəlmək onlar üçün psixoloji məsələdir. Ona görə də görüşün Xocalıda və ya rus sülhməramlılarının yerləşdikləri digər ərazilərdə keçirilməsinə üstünlük verirlər. Bu, ilk növbədə, onlar üçün psixoloji məsələdir, ikincisi, Bakıya gəlməyi bizim şərt və tələblərimizə qəbul edilməsi kimi baxırlar.

- Laçın yolunda postun qurulması və bu istiqamətdə delimitasiya işinin getdiyi deyilir. Bu gəlişmədən gözləntiniz necədir?

- Artıq Laçın yolunda, Ermənistanla sərhəddə bizim nəzarət-buraxılış məntəqəmiz qurulur. Hesab edirəm ki, bu, sərhədin digər istiqamətlərində də delimitasiyanın aparılması impuls ola bilər. Yeni yolun çəkilməsi ilə müəyyən ərazilərə nəzarətimiz təmin olundu. Məncə, Ermənistan rəhbərliyi bunu normal qarşıladı. Paşinyan da bildirdi ki, sərhəddəki müəyyən məsələlər topoqrafların köməyi ilə yoluna qoyulur.

Düşünürəm ki, sərhədin bu istiqamətində qarşılıqlı anlaşmalar olub və hərbi qüvvələr də öz mövqelərində yerləşdirilir. Paşinyan bildirdi ki, Ermənistan sərhəddə sərhəçilərini yerləşdirir, yəni silahlı qüvvələr geri çəkilir. Əslində, bu, bizim də istədiyimiz gedişdir. Düşünürəm ki, Laçın istiqamətində sərhəddə gəlişmələr demarkasiya üçün də yol aça bilər. Əlbəttə, hər yerdə yox. Sentyabr olaylarından sonra bizim nəzarətimizi bərpa etdiyimiz ərazilər ətrafında ara-sıra qarşıdurmalar yaşanır. Laçından fərqli olaraq, bu istiqamətdəki məsələlərin tezliklə həll olunacağını düşünmürəm.

Məsələn, indi Gədəbəy, Tovuz istiqamətlərində problem yoxdur. Delimitasiya və demarkasiya olmasa da, hansısa sənədə imza atılmasa da, bir problem görünmür. Yeddi kənd istisna olmaqla, Qazax istiqamətində də durum belədir. Bu da o deməkdir ki, sərhədlərin Almatı bəyannaməsinə uyğun olaraq tanınması prosesi gedir. Amma mübahisə yaradan hissələr də var. Düşünürəm ki, bunlar da hərbi yox, danışıqlar mövzularıdır.

- Ermənistan mətbuatı isə iddia edir ki, Rusiya sülhməramlıları Qarabağda azərbaycanlılarla əməkdaşlıq etməyə başlayıblar. Buna da Qarabağın dağlıq hissəsinin Azərbaycanın suverenliyinə tam təhvil verilməsi kimi baxırlar. Bu haqda nə deyə bilərsiniz?

- Bunu Ermənistandakı revanşist qüvvələr səsləndirirlər. Bu haqda həmişə danışırlar. Bütün bunlar Paşinyan hökuməti üçün normaldır. Baxmayaraq ki, onun da dairələrindən aradabir müəyyən bəyanatlar verilir, onun hökuməti bütün bunları normal qəbul edir. Düşünürəm ki, Paşinyan hökuməti üçün Qarabağ Azərbaycandır, onun suveren bir hissəsidir. Praqa və Soçidəki görüşlərdə Azərbaycanla bu anlaşmaya gəlib. Bundan sonra Qarabağda ruslarla azərbaycanlıların əməkdaşlığının olub-olmaması texniki məsələdir.

- Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi deyilir. Sizcə, mümkündürmü?

- Bu ehtimal var. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü də açıqlama vermişdi. Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan tərəfləri ilə daimi təmasdadır. Bu baxımdan, bu görüşün keçiriləcəyi ehtimalının yüksək olduğunu düşünürəm.

- Bəs Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri haqda necə düşünürsünüz?

- Bunu alqışlayırıq. Hərbi Hava Qüvvələri komandanımızın ABŞ-a gedərək yüksək səviyyəli görüşlər keçirməsi həm iki ölkə arasında hərbi-texniki əməkdaşlıq baxımından faydalıdır, həm də Azərbaycanın bölgədəki yeri və regionda gedən proseslər nöqteyi-nəzərindən önəmlidir. İndi bu haqda başqa-başqa fikirlər səsləndirirlər, mən bunu demək istəməzdim.

- Nikol Paşinyan son günlərdə tez-tez Ermənistan cəmiyyətinə müracətində sülh müqaviləsinin və Azərbaycanla anlaşmağın önəmindən danışır. Bu mesajlarından nə başa düşməliyik, erməniləri sülhə hazırlayırmı?

- Ermənistandakı durum çox fərqlidir, bu, dünyada tayı-bərabəri olmayan bir vəziyyətdir. Miflərlə, ona kənardan sırınan yalanlarla yaşayan bir cəmiyyətdir. Paşinyan son illərdə, xüsusən də müharibədən sonra bu mifləri dağıtmaqla məşğuldur. O, erməni cəmiyyəti üçün inqilabi dəyişikliklər etməyə çalışır. Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyir. Dəfələrlə bildirib ki, Ermənistanın təhlükəsizliyi bu münasibətlərin normallaşmasından keçir. Düşünürəm ki, bu istiqamətdə də çalışır. Arada kənara çıxamalar olur, bu da Rusiya ilə əlaqəlidir. İstənilən halda Paşinyanla yanaşı, Azərbaycan və Türkiyə də münasibətlərin normallaşmasında maraqlıdır.

Türkiyə bildirir ki, Ermənistan-Azərbaycan münasibətlərindəki problemlər tam çözülməsə, Türkiyə-Ermənistan münasibətlərində də tam normallaşma mümkün olmayacaq. Paşinyan da bunu bilir. Buna görə də sülh müqaviləsini imzalamağa çalışır, amma hələ də buna qətiyyəti çatmır. Hələlik tam qətiyyətlə bu addımı ata bilmir. İndiyədək bu fikirləri söyləsə də, cəmiyyəti buna hazırlasa da, hələ ki, son – qətiyyətli addımını atmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər