Ermənistan son dövrlər bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törədir. Amma bütün bunların fonunda Azərbaycan tərəfi sülh prosesinə sadiq qaldığını açıqlayır. Bu o demək deyil ki, Azərbaycanın Ermənistana uzatmış olduğu sülh əli sona kimi havada qalacaq. Nəhayət, Ermənistan məcbur olub bu sülh əlini sıxmalı olacaq.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O hesab edir ki, sülh prosesinə sona qədər sadiq qalmaq diplomatiyanın tələbidir:
“Təbii ki, təxribatçının, pozucunun sonu heç də yaxşı olmur. Ermənistan da indiki halda bu cür mövqe sərgiləməklə beynəlxalq birliyin qınağı ilə üzləşir. Azərbaycan isə özünün ardıcıl sülh mövqeyinə görə, hörmət və diqqət qazanır. Sözsüz ki, erməni tərəfi gec-tez Azərbaycanın sülh konsepsiyasını qəbul etməli olacaq. Bu ölkənin başqa bir çıxış yolu yoxdur”.
Politoloq Ermənistanı sülhə məcbur etmək üçün növbəti dəfə hərbi əməliyyatlara ehtiyacın olmayacağını söyləyib:
“Azərbaycan siyasi-diplomatik müstəvidə Ermənistana təzyiq göstərməklə buna nail olacaq. Çünki qarşı tərəf bir dəfə Azərbaycanın hərbi gücünü görüb. Yenidən onlar Azərbaycanın hərbi gücü ilə qarşılaşmaq istəməyəcəklər. Bunun fonunda erməni tərəfinin sülh prosesində vasitəçilərlə bağlı seçici mövqeyi də diqqət yayına bilməz. Görünən odur ki, Ermənistan Rusiyanı danışıqlar prosesindən də uzaqlaşdırmaq istəyir. ABŞ-ın son fəallığını burada açıq qeyd etmək olar. Rusiya isə müxtəlif təxribatlarla çalışır ki, onu prosesdən uzaqlaşdırmaq mümkün olmasın”.
Zərdüşt Əlizadəyə görə, 11 aprel təxribatından sonra İrəvanda beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması da Rusiyanın təhriki ilə olmuş hadisələrdir:
“Onlar bu cür təxribatlarla, açıq casusları vasitəsi ilə prosesi pozmağa çalışır. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində mümkün yaxınlaşma olduğu halda, Rusiya buna mane olaraq vasitəçilik missiyasını özündə saxlamaq üçün təxribatlar mexanizmini işə salır. Bu, heç kəs üçün sirr deyil. Amma erməni tərəfinin bütün təxribatlarəna baxmayaraq Azərbaycan özünün səbr və təmkinli mövqeyinə sadiq qalmalıdır. Çünki yekunda proses Azərbaycanın istədiyi kimi bitəcək. Təbi ki, bu prosesdə də Azərbaycan tərəfi növbəti 30 il sülhü gözləməyəck. Çünki burada konkret bir tarix mövcuddur. Bu da 2025-ci ilin mayında başa çatacaq. Məhz həmin tarixdən 2025-ci ilin noyabrına 6 ay qalmış olacaq. Üçtərəfli razılaşmaya görə də, Azərbaycan rus sülhməramlılarının öz ərazisindən çıxarılmasını tələb edəcək. Bununla da bölgədə təxribata meyilli ermənilər çıxıb gedəcək və bununla da məsələ bitəcək. Ermənistan da asanlıqla sülhə imza atacaq”.