Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti görüşdən gözləntilər fərqli idi. Nəticələri necə şərh etmək olar? Görüşdə aparılan müzakirələrin xarakterinə baxsaq, tərəflərin hansı məsələlərdə razılığa gəlmədiyini sezmək mümkündür. Belə olan halda sülhə ehtimalları necə dəyərləndirmək olar?
- Əslində, Moskvada tərəflərin bu görüşündə heç bir sənədin imzalanacağı gözlənilmirdi. Burada hansısa bir çərçivə sənədinin imzalanması ilə bağlı illüziyalara düşənlər də yanıldılar. Amma biz prosesə ümumilikdə qiymət verməliyik. Çünki burada Vaşinqton, Moskva və Brüssel formatı var. Sözsüz ki, burada Moskva formatının Vaşinqton formatını davam etdirəcəyini gözləmək olmaz. Tutaq ki, tərəflər Vaşinqtonda bəzi məsələlər haqqında razılığa gəlinsə belə bu xətti Moskvada davam etdirmək mümkün olmayacaq. Çünki Moskvanın öz danışıq formatı var. Əslində Moskva Vaşinqton formatı üzrə əldə edilən uğurları pozmağa çalışır. Bu paradiqma da Moskvada hər bir görüşdə sübut olunacaq.
- Vaşinqtonun bu bölgədə sülhün əldə edilməsindəki aktivliyi nə ilə bağlıdır?
- ABŞ regionda başqa cür oyunçudur. Moskva isə başqa bir maraqlı oyun oynayır. Bu gün Bakı ilə Moskva arasında isti münasibətlər var. Amma bu o demək deyil ki, Rusiya Azərbaycanı şəksiz şəkildə dəstəkləyəcək. Rusiya sözsüz ki, bunu heç vaxt etməyəcək. Azərbaycan nəyi edirsə, bu onun öz gücü hesabınadır. Məsələn, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın prosesdə sona kimi mübarizəsi sayəsində mümkün olub. Ona görə də, heç kəs düşünməməlidir ki, Rusiya Qarabağ məsələsində Azərbaycanın arxasında olacaq. Elə bir yanaşma yoxdur.
- Rusiyanın indiki halda bölgə ilə bağlı açıq hədəfi və niyyəti nədən ibarətdir?
- Sadəcə olaraq Rusiya Azərbaycanla Ermənistan arasında kilid oyunçu kimi qalmaq istəyir. Onun məqsədi məhz budur. Ona görə də, Rusiyaya tərəflərin barışması, razılaşması sərf etmir. Bu baxımdan da Moskva tərəfindən danışıqların gedişində müxtəlif versiyalar irəli atılacağı şübhəsizdir. Bunların da sözsüz ki, Rusiya tərəfindən gündəmə çıxarılıb, görüşülüb danışılması təmin ediləcək. Çünki danışıqları pozmaq çox asandır. Əgər iki tərəf müqavilədə konkret şərt haqqında razılaşsa belə burada elə bir kasus çıxarmaq olar ki, proses pozulsun. Bunu etmək çox asandır. Rusiya da məhz bu konteksdən çıxış edir.
- Vaşinqton formatında tərəflərin mövqelərinin yaxınlaşması ilə bağlı nüanslar var idi. Belə olan halda sülhün məhz bu formatda əldə edilməsi ehtimalını necə dəyərləndirirsiniz?
- Amerika formatında sözsüz ki, tərəflər yavaş da olsa müəyyən nailiyyətlər əldə edəcək. Ümumilikdə isə sülh müqaviləsinin imzalanacağını güman etmək olar. Sülh müqaviləsi Moskvada da imzalana bilər. Amma onun əsas hazırlığı Moskvada deyil Vaşinqtonda olacaq. Sadəcə olaraq Rusiya prosesi əldən qaçırmamaq üçün liderliyi ələ alıb yekun sülh müqaviləsinin məhz onun nəzarətində imzalanmasına nail olacaq. Buna qədər isə Rusiya sülhün əldə olunmaması üçün əlindən gələn hər şeyi edəcək.
- Moskva görüşündə daha çox dəhlizlərlə bağlı qarşılıqlı müzakirə aparıldı. Yekunda bu problemlərin sadəcə terminologiya məsələsi olduğu deyildi. Bu yanaşma nə dərəcədə məntiqlidir?
- Əslində Putinin dəhlizlərlə bağlı dediyi məsələ terminologiya problemi ilə bağlıdır. Çünki ümumiyyətlə beynəlxalq hüquqda dəhliz anlayışı yoxdur. Heç bir beynəlxalq konvensiya dəhlizə hər hansı bir tərif verməyib. Bu çox vacib bir məsələdir. Beynəlxalq hüquq və yaxud BMT yanında beynəlxalq məhkəmə heç vaxt dəhlizə xüsusi bir ad verməyib. Bu olmadığına görə də, dəhlizin məhz tamam başqa bir mənanı ifadə etdiyini söyləmək olmaz. Laçın və Zəngəzur dəhlizlərinə də bunu aid etmək olur. Çünki burada olan bütün məsələlər tərəflər arasında ayrıca olaraq razılaşdırılmalıdır.
- Belə olan halda Laçın dəhlizi ilə bağlı səslənən iddiaları necə dəyərləndirmək olar?
- Faktiki olaraq Laçın dəhlizi üzərində bütün hüquqlar Azərbaycana aiddir. Zəngəzur dəhlizi üzərində də analoji hüquq Ermənistana məxsusdur. Beynəlxalıq hüquqa görə bu belədir. Sadəcə olaraq burada mövcud olan üçtərəfli razılaşmada müəyyən sözlərdən istifadə olunur. Azərbaycanın bu məsələdə üzərinə düşən məsələ dəhliz üzrə hərəkət edən yüklərin, şəxslərin təhlükəsizliyinə verilən zəmanətlə bağlıdır. Ermənistanın isə bu məsələdə üzərinə düşən vəzifə maneəsiz keçidin təmin edilməsidir.
- Azərbaycanın Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsi formalaşdırmasına olan etirazların mahiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın bu məsəldə tam hüququ var. Çünki burada Azərbaycanın üzərinə düşən yeganə öhdəlik təhlükəsizliyə zəmanətin verilməsidir. Post qurulması təhlükəsizliyi pozan bir hal sayılmır.
- Ermənistan ərazisindən keçəcək dəhlizdə post qurulub-qurulmayacağı necə həll olunacaq?
- Burada maneəsiz hərəkətlə bağlı məsələ var. Ona görə də, Ermənistan Zəngəzur dəhlizi üzərində post qurmaya bilər. Amma onlar dəhlizin ətrafını tam bağlamasalar post qurmaqla bağlı iddia ilə çıxış edə bilərlər. Dəhlizin ətrafı tam bağlanmış olsa burada heç bir post olmamalıdır. Çünki Zəngəzur dəhlizində maneəsiz hərəkətdən söhbət gedir. Ümumilikdə isə burada məsələlərin çoxu ikitərəfli razılaşma ilə həll olunur.