6 İyun 2023 09:20
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetini təsdiqlədi. Hakim siyasi komandada ciddi dəyişikliklər var. Gözləntiniz necədir?

- Kabinetin ən azı 90-95 faizi yenilənib. Bu, Türkiyə cəmiyyətinin gözləntilərini yerinə yetirmək üçün lazım olan addımlardan biri idi. Üstəgəl, zaman dəyişir, yeni simalar üzə çıxır. Türkiyənin qarşısındakı daha böyük hədəflərə çatmaq üçün kabinetdə belə dəyişiklik edilməliydi.

Yeni kabinet həm baxışı, həm də tərkibi ilə diqqət çəkir, əhalinin ümidlərini doğrulda, qarşıdakı beş ildə hədəfləri reallaşdıra bilər. Başqa cür ola bilməz. Çünki Ərdoğan seçilsə də, Kılıçdaroğluna da az səs gəlməmişdi, bu, narazı elektoral kütlə deməkdir. Onların gözləntiləri ilə hesablaşmamaq mümkün deyil.

Buna görə də yeni hökumət fədakar işləməli, inflyasiyanı qısa müddətdə önləməli, iqtisadi göstəricilərin yaxşılaşdırılması, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində ciddi və prinsipial qərarlar qəbul edilməlidir. Artıq ilk addımlar atılıb, digərləri də atılacaq.

- Bizim üçün maraqlı məqamlardan biri Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin edilməsidir. MİT rəhbəri bu postda ölkəmizin yaxın dostu Mövlud Çavuşoğlunu əvəzlədi. Hakan Fidan dönəmində Türkiyə-Azərbaycan əlaqələrini nə gözləyir?

- Əvvəla, onu deyim ki, bütün prosesin başında duran hörmətli Ərdoğan Azərbaycanın yaxın dostudur. Bu prosesə də o istiqamət və yön verəcək. Hakan Fidana gəlincə, o da Azərbaycanı sevən və ölkəmizə məhəbbəti olan şəxslərdən biridir. Uzun illər MİT-in rəhbəri olub və zəngin təcrübəyə malikdir.

Zənnimcə, Qarabağla əlaqəli qalan məsələlərin tam həllinə nail olmaq, Zəngəzur dəhlizini işə salmaq və türk dünyasını birləşdirmək Ərdoğanın qarşısındakı əsas hədəflərdəndir. Ərdoğanın da dediyi kimi, Azərbaycanın iştirakı olmadan bu məsələləri həll etmək olmaz.

Azərbaycan və Türkiyə Avropanın neft və qazla təmin edilməsi istiqamətində də bundan sonra birgə addımlar atacaqlar. Bu da iki qardaş xalqın maraqlarına uyğundur. Hakan Fidan da bu reallıqları diqqətlə nəzərə alacaq. O da Türkiyə-Azərbaycan qardaşlığı və yaxın müttəfiqliyi kontekstində qarşıdakı hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək. Hakan Fidanın iki ölkə arasındakı bağların daha da gücləndirilməsi üçün səy göstərəcəyini düşünürəm.

- Sizcə, Hakan Fidanın, yəni bir kəşfiyyat şefinin bu posta gətirilməsi nə ilə əlaqəli ola bilər?

- Bu təəccüblü deyil. Xarici işlər nazirləri çox vaxt kəşfiyyat xidmətlərinin əldə etdikləri və ya yönəltdikləri məlumatlar əsasında öz fəaliyyətlərini qururlar. Bu səbəbdəndir ki, ölkələrin xaricdəki diplomatik korpuslarında kəşfiyyat orqanlarının, yaxud dərin dövlətin təmsilçiləri də yer alırlar. Bu, Türkiyə üçün də belədir.

Hakan Fidan MİT rəhbəri olarkən Mövlud Çavuşoğlu ilə sıx işləyib. Hakan Fidan, yaxud MİT-in əldə etdiyi məlumatlar Türkiyənin xarici siyasətinin qurulmasında önəmli rol oynayıb. Bir sözlə, bu şəxs xarici siyasət məsələlərində bişmiş adamdır.

Çox vaxt Hakan Fidanı Ərdoğanın “sirr küpü” adlandırırlar. Üstəgəl, Türkiyə isteblişmentində parlaq simalardan biridir. Belə bir fikir də dolaşır ki, hətta Ərdoğan onu gələcək prezident seçkiləri üçün namizəd kimi hazırlayır. Gəncdir, cavandır, çox təcrübəlidir, kifayət qədər məlumatlıdır. Bu baxımdan Hakan Fidanın komandadakı perspektivləri möhkəmdir. İndiyədək ümidləri doğruldan bu adam bundan sonra belə olacaq.

- Yəni siz Hakan Fidanın Ərdoğanın varisi olması fikri ilə razısınız?

- Ehtimal edirəm. Siyasətdə proqnozlar özünü doğrultmaya da bilir. Hər halda AKP-nin kadr potensialına diqqət yetirdikdə, Hakan Fidan bir çox parametrlər üzrə ön plana çıxır. Onun Ərdoğanla uzun illər işləməsi də bu ehtimalı gücləndirə bilər.

- Bəs müdafiə naziri Hulusi Akarın yerinə gətirilən Yaşar Gülər haqda nə düşünürsünüz? Akar kimi Gülər də Azərbaycanda özünə rəğbət qazanmış simalardan biridir.

- Yaşar Gülər kifayət qədər təcrübəli hərbçidir. Zənnimcə, o, Bəxtiyar Ərsay Paşanın ölkəmizə göndərilməsində, eyni zamanda, İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun əks-hücum planının hazırlanmasında çox önəmli rollardan birini oynayıb. Yaşar Gülərin bizim üçün oynadığı ən mühüm rollardan biri də Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması və “bir millət, iki dövlət, vahid ordu” prinsipinin həyata keçirilməsidir.

Yaşar Gülər Azərbaycanda dağ komando birliklərinin yaradılmasında, xüsusi təyinatlıların hazırlanmasında, onların böyük qisminin Türkiyədə təlimlərdən keçməsində ciddi rol oynamış bir şəxsdir.

Ərdoğanın komandasında təsadüfi şəxs yoxdur. Onların hər biri Azərbaycanı tanıyan, ölkəmizin strateji mövqelərinin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu dərindən bilən şəxslərdir. Yaşar Gülər də canıyla, qanıyla, bütün varlığıyla Azərbaycana bağlı adamdır.

Şübhə etmirəm ki, Hulusi Akar kimi o da Azərbaycan ordusunun daha da gücləndirilməsində, təcrübə baxımında zənginləşməsində bundan sonra da böyük rol oynayacaq. Bundan sonra da Türkiyə-Azərbaycan hərbi birliyi yeni-yeni çalarlarla zənginləşəcək.

- Türkiyənin və dünyanın gündəmində müzakirə olunan bir Türkiyə Əsri (Türkiyə Yüzili) məsələsi var. Nədir Türkiyə Əsri, bu strategiya özündə nələri ehtiva edir?

- Türkiyə Əsri vizyonunda qarşıya qoyulan məqsədlərdən biri Türkiyəni sənayecə inkişaf etmiş on ölkədən birinə və öz texnologiyasını yaradan dövlətə çevirməkdir. Həmçinin Türkiyənin regional oyunçudan qlobal gücə çevrilməsini ehtiva edən şərtləri yerinə yetirməkdən ibarətdir. Artıq bu istiqamətdə iş aparılır, güclü hərbi sənaye kompleksinin əsasları qoyulub. Güman edirəm ki, baş verənlər Türkiyəni iqtisadi, texnoloji və hərbi güc kimi on ölkədən birinə çevirəcək. Türkiyə özünün sanbalı və siyasi çəkisi ilə dünya siyasətinin formalaşmasında önəmli aktorlardan biri olacaq.

Türkiyə Əsri projesinə türk dünyasının vahidləşməsi, türk ölkələri arasında iqtisadi, mədəni, hərbi əlaqələrin dərinləşdirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatını öz vahid bazarı və dərin əlaqələri olan Avropa Birliyi kimi bir ittifaqa çevirməkdən ibarətdir. Sanki Türkiyə Avropa Birliyi ilə vidalaşıb.

Türkiyə indi türk dövlətləri ilə birlikdə öz ətrafında bir güc mərkəzi formalaşdırmağa başlayıb. Zənnimcə, qoyulan bünövrə kifayət qədər möhkəmdir. Bunun ətrafında təkcə mövcud müstəqil türk ölkələrini yox, Rusiyadan ayrılması ehtimal edilən digər türkdilli dövlətləri də, məsələn, Tatarıstan, Başqırdıstan, Altay, Yakutiya və Çuvaşiyanı da görə bilərik. Rusiya-Ukrayna müharibəsindən sonra bu respublikaların müstəqilliklərini qazanacağı ehtimalını yüksək qiymətləndirirəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər