Hazırda Fransada sözlə-əməlin ziddiyəti, dünyaya ağalıq etmək cəhdi ilə real vəziyyət arasında böhran yaşanır. Bu böhranı həll etmək əvəzinə daha da dərinləşdirirlər. Hər bir ölkə rəhbəri ilk növbədə özünün daxili problemləri ilə məşğul olanda bu dövlət inkişafda olur. Amma indiki prezidentin dövründə Fransanın digər dövlətlərin daxili işinə qarışmağa çalışdığını, həmin ölkələr üzərində prokuror kimi davranış etdiyini görürük. Xüsusilə də Fransanın Azərbaycan və Türkiyəyə qarşı münasibəti son dərəcədə aqressivdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, sanki Azərbaycanla və Türkiyə bütün məsələlərdə Parislə məsləhətləşməlidir:
“30 illik Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dövründə bu dövləti bütün yollarla müdafiə edən Fransa oldu. İndiki halda sülhün tezliklə əldə olunmasına ən çox mane olan ölkələrdən biri Fransadır. 44 günlük müharibədə isə Emmanuel Makron az qalmışdı Qarabağa gəlib əlinə silah götürüb Azərbaycan əsgərinə güllə atsın. Bu günün özündə də o, anti-Azərbaycan isterikasından əl çəkmir. Vaxtaşırı Azərbaycanla bağlı yalanlar danışır. Bu yollarla ölkəmizə təzyiq göstəməyə çalışır. Ancaq bununla müqayisədə Fransa daxilində günasız vətəndaşlar polis tərəfindən qətlə yetirilir. Öz hüquqlarını müdafiə edən insanlara qarşı polis zorakılığı həyata keçirilir. Ölkədə ciddi narazılıq olduğu halda Fransa prezidenti konsertə gedir”.
Millət vəkili hesab edir ki, Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına qarşı Fransada edilən hərəkət heç bir demokratiyaya sığmır:
“Dünyaya demokratiya dərsi keçmək istəyən Fransada azad mətbuata qarşı zorakılıq həyata keçirilir. Biz bununla bağlı Fransa rəsmilərindən günahkarların tapılacağı, cəzalandırılacağı, Azərbaycandan üzr istəniləcəyi ilə bağlı mövqeni görmədik. Bütün bunların hamısı göstərir ki, Fransanın daxilində çox ciddi problemləri var”.
Deputat bildirib ki, Fransız xalqı böyük xalqdır:
“Bu xalq Viktor Hüqo kimi bir nəhəng yetişdirib. Fransa inqilabının dəyərləri dünyanın inkişafına çox böyük təsir edib. Milli qəhrəmanları Şarl de Qol Azərbaycanı sevən insanlardan olub. O hətta Bakıya qonaq gəlib. Bütün bunların fövqündə Fransa rəsmi dairələrindən beynəlxalq hüquqa, normal münasibətlərə zidd çağırışlar, bəyanatlar, addımlar görürük. Sözsüz ki, bunu bütün Fransa siyasətinə, xalqına aid etmək olmaz. Orada da həqiqəti görən, Fransa hökumətinin siyasətini tənqid edən, Azərbaycana obyektiv qiymət verən ziyalılar, siyasətçilər, iş adamları da var”.
Aydın Mirzəzadəyə görə, Fransa hökuməti öz ölkəsinin daxili işləri ilə məşğul olmur və beynəlxalq birlikdə sivil münasibət sərgiləmir:
“Amma buna baxmayaraq nə Fransa, nə də ki, başqaları ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsin və Azərbaycanı öyrətməyə çalışmasın. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, Makron kimilər gəlib bizə dərs keçsinlər. Zəfərimizi şəhidlərimizin qanı, minlərlə yaralılarımızın və veteranlarımızn qəhrəmanlığı əldə etməmişik ki, ərazi bütövlüyümüzü Makronun bir sözü ilə Ermənistana güzəştə gedək... İndi vəziyyət o həddə çatıb ki, Makron Azərbaycan Prezidenti ilə danışıqlarını belə mətbuata təhrif edilmiş şəkildə verir. Bütün dünya Prezident İlham Əliyevin müstəqil siyasət yürütdüyünü, Azərbaycanın milli maraqlarına bağlı olan bir lider kimi tanıyır. Onun düşünülmüş daxili və xarici siyasəti Azərbaycanın nüfuzunu qaldırır, ölkəmizin problemlərini həll edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi bir qələbə əldə etdi və torpaqlarımız işğaldan azad edildi”.