21 İyul 2023 15:03
9 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildir ki, Avropa İttifaqının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasında xeyli aktivlik nümayiş etdirir. Bu istiqamətdə bir çox görüşlər keçirilib. Amma hələ də tərəflər sülh sazişinə yaxınlaşmayıb. Buna baxmayaraq Brüssel və Vaşinqton formatı Azərbaycan üçün faydalıdır. Bu, Ermənistan üçün də xeyirlidir. Çünki bu iki format Qarabağ məsələsinə toxunmur.

Bunu Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, sadəcə olaraq Qarabağda yaşayan ermənilərin hüquqlarının nəzərə alınması kimi yanaşmalar irəli sürülür:

“Amma bu iki format Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsini tələb etmir. Sadəcə olaraq Brüssel və Vaşinqton Azərbaycanla Ermənistan arasında vasitəçilik edib, bizi barışdırmaq istəyir. Bu da hər iki tərəfin maraqlarına uyğundur. Sadəcə olaraq hələ ki, sülh müstəvisində nəticə yoxdur. Sonuncu Brüssel görüşünün nəticəsi olaraq Şarl Mişelin açıqlamasında da görünən odur ki, burada ancaq şifahi razılaşmalar var. Rəsmi olaraq heç nəyə imza atılmayıb. Buna rəğmən Brüssel və Vaşinqton formatının davam etdirilməsi vacibdir. Çünki bu həm də Rusiyanın bölgədəki hegemon rolunu azaldır. Uzun illər Cənubi Qafqazı özünün "arxa bağça"sı hesab edən Rusiya üçün indi qaydalar dəyişib. İndi heç də hər şey Rusiyanın istədiyi kimi getmir. Burada başqa oyunçular var. Cənubi Qafqazda artıq üç əsas faktor önə çıxır ki, bu da Türkiyə, Avropa İttifaqı və ABŞ-dır. Ona görə də, Rusiya bu reallıqla hesablaşmaq məcburiyyətindədir”.

Politoloq hesab edir ki, Rusiya Brüssel və Vaşinqtonu bəyənməsə də, bu iki formatın fəallığı getdikcə artır və il boyu da onların vasitəçiliyi ilə bir çox görüşlər keçirilib:

“Bu görüşlərdə yekun nəticə olmasa da, bundan imtina etmək doğru deyil. Prezident İlham Əliyev də Brüssel və Vaşinqton formatını yüksək qiymətləndirir. Çünki Rusiyanın bu cür təxribatçı mövqeyi fonunda Azərbaycan başqa alternativ yollar axtarmaq məcburiyyətində qalır. Rusiya bu iki formata mene olmağa çalışsa da, buna nail ola bilmir. Şimal qonşumuzun hazırda çox ciddi problemləri var. Ukrayna müharibəsi fonunda Rusiya məntiqlə digər problemlər yaratmalı deyildi. Amma bu ölkə məntinqdən kənara çıxaraq Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirir. Taxıl anlaşmasından çıxmaqla bu prosesi daha da gərgin bir müstəviyə sürükləyib. Eyni zamanda BMT-də Təhlükəsizlik Şurasının üzvlərinin artırılması təklif edilir. Braziliya və bəzi özünə yaxın afrika dövlətlərini bura salmaq niyyəti var. Bunun üçün Çinlə birgə hərəkət etmək istəyir. Fakt odur ki, Rusiya indiki izolyasiya vəziyyətindən çıxış yolları axtarır. Bunu edərkən isə olan-qalan tərəfdaşları ilə münasibətləri korlayır”.

Elxan Şahinoğlu hazırkı mərhələdə Azərbaycan üçün əsas məsələnin iki il ərzində rus hərbi kontigentinin yola salınması ilə bağlı olduğunu söyləyib:

“Müddət getdikcə azalır. Son iki ilə 6 ay qalmış tərəflərdən biri rus sülhməramlılarının burada qalması ilə bağlı razılaşmanı uzatmasa onlar getməlidir. Azərbaycan da bu vaxtı uzatmaq istəmir. Çünki Azərbaycan tərəfindən rəsmi açıqlamalarda bölgədə müvəqqəti yerləşdirilmiş rus hərbi kontigentindən söhbət gedir. Müvəqqəti o deməkdir ki, onların burada qalma vaxtı uzadılmayacaq. Amma Rusiya bölgədə qalmaq üçün çoxlu təxribatlar törədəcək. Bu məsələdə onlar faktiki olaraq erməni separatçıları ilə birləşiblər. Xankəndidə keçirilən aksiyalarda üç bayraq qaldırılıb. Bu, separatçıların əski parçası, Rusiya və Ermənistan bayrağıdır. Bütün bunlara baxmayaraq Azərbaycanın geri çəkilmək üçün yeri yoxdur. Azərbaycanın atacağı addımlar var. Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsi üçün ciddi adımlar atılmalıldır. Eyni zamanda ləngimədən Şuşada Türkiyənin konsulluğunun açılması təmin edilməlidir. Bununla da Türkiyənin Qarabağda varlığı güclənməlidir. Çünki bu yaxın müddətdə bizə lazım olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın maraqlarını qoruyur. Ona görə də, Azərbaycan Türkiyə ilə birgə hərəkət edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər