28 İyul 2023 11:17
4 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan Qarabağa göndərilən yüklər sərhədə yaxın ərazidədir. Düşünürlər ki, yüklər günlərlə sərhəddə ilişib qalsa böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq. Bır sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb, haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, burada bizim də günahımız var, haqlı olduğumuzu beynəlxalq aləmə ya izah edə bilmədik, ya da passiv olduq, ermənilərsə həmişə kimi Azərbaycana qarşı var gücləriylə təxribat maşınını işə salıblar:

“Bütün hallarda iki yolları var. Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz, məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır”.

Politoloqun fikrincə, radikal erməni qüvvələri hesab edirlər ki, yüklər Ağdam ərazisindən çatdırılsa, bu İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək:

“Eyni zamanda onlar Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı