"Siyasi partiyalar" haqqında qanuna uyğun olaraq, 20 gün əvvəl Ədliyyə Nazirliyinə təqdim etdiyimiz Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) üzvlərinin reyestrinin 11 günlük yoxlaması başa çatıb. Bu gün rəsmi cavab səlahiyyətli nümayəndəmizə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.
"Bildirir ki, 5418 üzvü əhatə edən reyestrdə 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfinizdən dəqiqləşdirilməlidir.
Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub. Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 - i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildiriblər.
Həmçinin qeyd olunub ki, bir telefon nömrəsi 18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib", - partiya sədri qeyd edib.
Qanunun 30.2 - ci maddəsinə əsasən, çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddətində aradan qaldırılması zəruriliyi KXCP-nin nəzərinə çatdırılıb.