Erməni kilsəsi hər zaman düşmənçiliyi və nifrəti təbliğ edib. Bir müddət öncə Nikol Paşinyanla erməni kilsəsi arasında kəskin narazılıq, fikir ayrılığı yaranmışdı. Son dövrlər isə onlar eyni mövqeni bölüşürlər. Erməni kilsəsi ilə Paşinyanın eyni mövqeni bölüşməsi heç də təəccüblü deyil. Çünki erməni kilsəsi bu gün özünü ifadə etməyin yollarını millətçiliyin təbliğində görür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, kilsə ilə Paşinyan arasında fikir ayrılığı siyasi məsələlərlə bağlı idi:
“Erməni kilsəsi sözsüz ki, siyasi proseslərdən həmişə qazanclı çıxıb. Çünki erməni lobbisi kilsəyə böyük maliyyə ayırıb. Bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına erməni kilsəsinin verəcəyi dəstəklə bağlı olub. Görünən isə odur ki, Paşinyan 2019-cu ildəki ritorikasına qayıdıb. Bu da onun kilsə ilə eyni mövqedən çıxış etməsi deməkdir”.
Millət vəkili bildirib ki, Paşinyanın sülh müstəvisindəki yanaşmaları dəyişib:
“Son vaxtlar bunun əksi müşahidə edilir. Erməni cəmiyyəti xəstə təxəyyül və təfəkkür ətrafında yenidən birləşib. Bu baxımdan kilsə ilə Paşinyan iqtidarı arasında eyni yanaşma sərgilənir”.
Ceyhun Məmmədova görə, erməni kilsəsi üçün siyasi proseslərdə yer almaq, müharibəni təşviq etmək asan qazanc mənbəyidir:
“Ona görə də, erməni kilsəsi uzun müddətdir ki, bunun üzərində iş aparır. Əslində bu, Ermənistan üçün təhlükəli bir tendensiyadır. Bu, növbəti dəfə erməni cəmiyyətinin faciəsinə yol açan haldır. Amma erməni kilsəsi, Paşinyan iqtidarı və erməni lobbisi bundan narahat deyil. Çünki onları erməni cəmiyyətinin taleyi qətiyyən maraqlandırmır”.
Alban-Udi xristian icmasının sədri Robert Mobili isə hesab edir ki, ümumiyyətlə din siyasətə qarışmamalıdır:
"Amma görünən odur ki, axır vaxtlar bəzi din xadimləri siyasətə qarışır. Bu tək Qarabağ məsələsində deyil. Rusiya-Ukrayna müharibəsində də din xadimləri siyasətə aktiv müdaxilə edir. Din xadimlərinin döyüşən tərəflərə silah və sair yardım etməsi buna misaldır. Tarixdə bu faktlara rast gələ bilərik. Vaxtilə xaç yürüşlərində Roma papası prosesə dəstək vermişdi”.
İcma rəhbərinə görə, bu gün erməni kilsəsi siyasi proseslərlə bağlı fəal iş aparır:
“Onlar Qriqoryan kilsəsini erməni apostol kilsəsi adlandırırlar. Faktiki olaraq onun rəhbəri, katolikosu siyasi, hərbi məsələlərə müdaxilə edir. Ondan başqa Klikiya kilsəsinin patriarxı da siyasi proseslərdə aktiv iştirak edir”.
Robert Mobili kilsəsinin fəaliyyətində erməni lobbisinin rolunun xüsusi olduğunu bildirib:
“Erməni diasporu bu gün erməni kilsəsinə açıq dəstək verir. Maliyyə axını və silah tədarükü kilsə ilə lobbi arasında təmin edilir. Əslində isə erməni kilsəsi diaspordan gələn pulların böyük hissəsini ancaq öz mənfəətləri üçün mənimsəyir. II Qarabağ müharibəsində bunu açıq görmək oldu. Fakt isə odur ki, erməni kilsəsi yenə də siyasi proseslərdə özünə rəqib görmür”.