Qondarma rejimin ləğv edilməsi o deməkdir ki, davakar, radikal erməni millətçiliyinə Azərbaycan ərazisində son qoyuldu. Ermənilərin uydurma, sonradan faşizimə çevrilən "Miatsum" hərəkatı tam iflasa uğradı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, saxta xunta rejimi də öz-özünü buraxdı, Azərbaycan ərazilərinin bütün hissəsində suverenliyini bərpa etdi: "Artıq əzazimizin bütövlüyü ilə yanaşı, suverenliyimizin bütövlüyü ilə də fəxr edə bilərik. Bu da Azərbaycan tarixində həm erməni təcavüzünə qarşı mübarizənin həm ərazilərimizdən erməni təcavüzkarlarının tamamilə çıxarılmasının mühüm tarixi mərhələsi kimi qiymətləndirə bilər. Erməni sakinlərin geriyə qayıtmaq cəhdləri olacaq, bu onların haqqıdır. Çünki burada mal-qaraları, ev-eşikləri var. Amma "Miatsum", erməni faşistliyi, Azərbaycan dövlətçiliyinə qarşı qiyam qaldırılması bunların heç biri bir daha təkrar oluna bilməz. "Miatsum"un kökü belə qazıldı".
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, qondarma rejimin özünü buraxması könüllü olmasa da, biz onları bu addımı atmağa məcbur elədik: "Çünki lokal antiterror tədbiri keçirildi. Qeyri-qanuni dəstələr orada tərksilah olundu. Demək olar ki, onlar yoxa çıxdılar. Təbii ki, bundan sonra rejimin orada qalması tamamilə mənasız bir amil ola bilər. Minlərlə Xankəndi sakinləri, etnik ermənilər o ərazini tərk etdi. Onlar kimə rəhbərlik edəcəklər, nəyi idarə edəcəklər. Təbii ki, onlar özlərini buraxmalı idi. Əminəm ki, bundan sonra bütün ölkələrdə onların tərəfdarları Xankəndindən qaçan ermənilər bar-bar bağıracaqlar ki, onları "qovublar", "etnik təmizləmələr" baş verib. Amma reallıq odur ki, onlar baş qaldıra, təxribatlar törədə bilərlər. Polis dəstələrimiz artıq Xankəndiyə daxil olub. Nəzarətimiz son dərəcə güclü olmalıdır".