Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Ermənistanın son davranışları fonunda hətta açıq şəkildə Rusiyanın yer aldığı təşkilatlardan imtina edilir. Sizcə, Moskva müttəfiqinin bu davranışlarına nə vaxta qədər səbrlə yanaşacaq?
- Ermənistan Rusiyadan istədiklərinə nail ola bilməyib. Ona görə də, Rusiyanın təmsil olunduğu təşkilatlardan çıxır. Ümid edirdilər ki, Rusiya gəlib onların yerinə Azərbaycanla müharibə aparacaq, rus ordusu gəlib onların əvəzinə döyüşəcək və s. Amma hər şey onların arzuladığı kimi olmadı.
- İrəvana sözsüz ki, bu məsələdə ümid verənlər də var...
- Onlar indi daha çox Qərbin mənəvi, hərbi köməyinə ümid edirlər. Bu da adi bir haldır. Ermənistan indi daha çox çalışır ki, müttəfiqlərinin əsarətindən xilas olub Qərbə yönəlsin.
- Buna necə nail olacaqlar?
- Əslində Ermənistanın Qərbə yönəlmiş siyasətində yanlışlıqlar çoxdur. Çünki Türkiyə ilə münasibətləri normallaşdırmadan Qərbə doğru yönəlmək konkret nəticələr verməyəcək. Fransa Türkiyə və Gürcüstanın üzərindən keçib Ermənistana gələ bilməyəcək. Görünən odur ki, erməni tərəfi vaxtilə qəbul etdiyi yanlış strateji qərarların acı nəticələri ilə üz-üzə qalıb.
- İsrail-Fələstin qarşıdurması fonunda Ermənistanın “geopolitik alət” kimi sıradan çıxdığı deyilir...
- Nə olur-olsun Qərbdə Ermənistanın alət kimi kənara atılması tendensiyası yoxdur. Fransa, Hollandiya, Belçika senatları Qarabağda Ermənistanın himayə etdiyi keçmiş qondarma rejimin müstəqilliyini tanımışdı. Bu da Qərbin Ermənistana olan yanaşması idi. Bu yaxınlarda Avropa Parlamenti Azərbaycan əleyhinə “qətnamə” çıxardı. Ona görə də, xeyli nüfuzlu Qərb inistutlarının Ermənistanı unutmadığı göz önündədir.
- Kremldən üz döndərən və onun nüfuzuna, maraqlarına ardıcıl zərbə vuran rəsmi İrəvanda gözləntilər nədən ibarətdir?
- Rusiya Ermənistana heç nə etməyəcək. Çünki Ermənistan layihəsi onlara məxsusdur. Erməniləri bu əraziyə yığıb, onlara “dövlət” quran elə ruslar olub. Bunu özləri də çox gözəl bilir. Hərdən hislənib bunu etiraf da edirlər ki, erməni tör-töküntüləri üçün dövlət düzəltmişik. Sadəcə olaraq ruslar indi oturub gözləyirlər ki, ermənilər bundan sonra daha nə edəcəklər? Amma unutmaq olmaz ki, bu ərazilərə Rusiyanın nəzarəti çox güclüdür. Bundan xilas üçün Ermənistan çox ağrılara dözməli olmalıdır.
- Ermənistan hətta rus hərbi bazasının ərazisindən çıxarılması məsələsini gündəmə gətirir...
- İrəvan formal olaraq suverendir. Çünki Ermənistan ərazisində xarici dövlətin hərbi bazası yerləşir. Əgər özlərini suveren hesab edirlərsə, rus hərbi bazasının çıxarılması ilə bağlı qərar çıxarsınlar. Bundan sonra baş verəcək proseslər bizim üçün də çox maraqlı olacaq.
- Fransanın Ermənistanı silahlandırması ilə bağlı faktlar var. Bunun fonunda yenidən Azərbaycanla hərbi qarşıdurma ehtimalını necə dəyərləndirirsiniz?
- Yeni hərbi eskalasiya riski indiki halda istisna edilir. İndi əsasən sülh müstəvisində ümidlər artır. Belə olan halda Azərbaycan-Ermənistan münsabibətləri də öz təbii halına düşəcək.
- Tiflis sülh platforması təklif edilir. Digər vasitəçilərin olması fonunda Gürcüstanın iştirakı ilə prosesdə nə kimi irəliləyişə nail olmaq olar?
- Bu da təbii ki, coğrafi reallıqla bağlıdır. Bundan öncə də Azərbaycan Prezidenti bu platformanı təklif etmişdi. Çünki Gürcüstan iki dövlət arasında münasibətləri sahmana salmaq üçün münasib meydandır. Burada oturub hər şeyi danışmaq olar. Gələcəkdə münasibətlər qaydasına düşdükdə Azərbaycan rəsmiləri İrəvana, Ermənistan rəsmiləri isə Bakıya gələ bilər. İrakli Qaribaşvili Gürcüstanın baş naziri olaraq dost kimi Azərbaycana gəlirsə, Paşinyanın da eyni yanaşma ilə Bakıya gəlməsi mümkündür.