Azərbaycan ərazisinin minalardan çirklənmə göstəricisinə görə dünyada təssüf ki, ilk yerlərdə durur. Belə ki, Azərbaycanda basdırılan minaların sayını insanlarla müqayisə etsək, hər 10 nəfərə bir mina düşür. Bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib.
İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 307 nəfər minadan zərər çəkib. Onlardan 56 nəfəri həlak olub, 251-i isə yaralanıb. O cümlədən, 43 mülki şəxs həlak olub, 101-i isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb. Lokal antiterror tədbirlərindən sonra daha bir dəhşətli fakt da məlum olub. Belə ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyi məlum olub.
Mina problemi Azərbaycan vətəndaşlarının öz əzəli torpaqlarına qayıdış prosesini ləngitməklə yanaşı, eyni zamanda onların təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Bu problemlə Azərbaycanla bərabar bir neçə ölkə də ciddi əziyyət çəkir. Belə ki, Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır.
Mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin qlobal səviyyədə həll olunmasını labüd edir. Artıq bir xarici QHT, vətəndaş cəmiyyəti fəalları bu problemlə BMT-yə müraciət də ediblər.
“Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başladılıb. Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir.
Kampaniya müəllifləri bəyan edir ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəlib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb. Müraciət müəllifləri tələb edib ki, Ermənistan yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.
İnsanların təhlükəsizliyinin təminatı, mülki insanların həlak olmaması üçün Ermənistan mina xəritələrini təqdim etməlidir. Beynəlxalq birlik bu məsələdə həssas mövqe göstərərək Ermənistana müvafiq çağrışlar etməlidir. Təssüfki, bu məsələdə də Azərbaycan ictimaiyyəti ikili standartların şahidi olur. Əvəzində biz Azərbaycana qarşı hansısa qətnamələrin, bəyanatların şahidi oluruq. Dünyanın ədalət prisinplərini itirdiyini görürük.
Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəallarının “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya başlatması isə problemin həlli üçün olduqca vacib addımdır. Artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib. Dİgər ölkələrdəki vətəndaş cəmiyyəti fəalları bu petisiyaya dəstək olmalı, problemin həlli, dinc insanların ölməməsi üçün bütün mümkün təşəbbüsləri irəli sürməlidirlər.