“1993-cü ilə qədər Zəngilan rayonu ərazisində 1 şəhər, 5 qəsəbə və 83 kənd, onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili deyib:“Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
K.Qafarov reallaşdırılan layihələr nəticəsində Zəngilan rayonunun beynəlxalq statusunun getdikcə yüksəldiyini qeyd edib: “Bu gün Zəngilan özünün yeni inkişaf dövrünü yaşayır. Rayonda yenidənqurma işləri surətlə davam edir. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Hazırda Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bu il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bölgənin beynəlxalq statusunun durmadan yüksəldiyini göstərir. Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forum artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirilir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir”.