Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında gözlənilən Brüssel görüşü təxirə salındı. Bunun fonunda regional müstəvidə aktiv təmaslar müşahidə edilir. Belə olan halda kənar oyunçular olmadan sülh prosesinin irəliyə aparılması ilə bağlı nə kimi perspektivlər var?
- Burada əsas səbəb Brüssel formatındakı vasitəçilərin tərəfsizliklərini itirməsidir. Ümumiyyətlə, vasitəçiliyin qızıl qaydası tərəfsiz qalmaqdır. Vasitəçi çalışmalıdır ki, onun tərəfsizliyinə mübahisə tərəfləri etimad etsin. Əgər tərəf vasitəçinin onun tərəfisizliyi barədə etimadını itiribsə, bunu geri qazanmağa çalışmalıdır. Beləliklə, vasitəçiliyə davam etmək olar. Amma Avropa İttifaqının yüksək səviyyəli şəxsləri Qarabağ məsələsi ətrafında qərəzli və təktərəfli fikirləri müşahidə edildi. Məhz Qranada görüşündən imtinanın səbəbi budur. Bundan sonra heç nə dəyişməsə, Azərbaycan görüşlərin heç birində böyük ehtimalla iştirak etməyəcək. Şarl Mişel və başqaları Qarabağ məsələsi ilə bağlı tərəfsiz olduqlarını göstərən bəyanatlar verənə qədər bu proses davam edə bilər. Bundan sonra Azərbaycan Prezidentinin Brüssel formatına qayıdışı ilə bağlı ehtimallar var. Amma bu baş verənə qədər Brüssel formatından imtina ediləcək.
- Tehranda “3+3” formatında baş tutan görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair vermiş olduğu mesaj daha çox diqqəti çəkdi. Rusiya tərəfi hər iki ölkəyə lazım olacaq xəritələrin onda olduğunu bəyan etdi. Sizcə, Moskvanın vasitəçiliklə bağlı mövqeyində hansı dəyişikliklər gözlənilir?
- Lavrov onu demək istəyirdi ki, Azərbaycanla Ermənistan sərhədlərinin dəqiq haradan keçdiyini biz bilirik. Hətta bu mesajda Rusiyasız razılaşmanın mümkünsüzlüyü önə çəkilir. Çünki razılaşmanın, sülh müqaviləsinin imzalanması üçün sərhəd məsələləri dəqiqləşməlidir. Burada tərəflərin ayrı-ayrılıqda bir-birimizin ərazi bütövlüyünü qəbul edirik deməklə mübahisə bitməyəcək. Fakt odur ki, sərhəddin haradan keçdiyi dəqiq bilinmir. Lavrov da Rusiyanın bu xəritələri göstərmədən heç bir razılaşmanın olmayacağını bildirir. Bu əslində razılaşmada Rusiyanın da olacağını zəruri edir.
- Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın prioritetləri açıqlandıqdan sonra Paşinyan kommunikasiyaların bərpası məsələsində şərtlərin yumşaldılmasından danışdı. Dəhlizlə bağlı dəyişikliklər nədən ibarət ola bilər?
- Zəngəzur dəhlizi məsələsi 10 noyabr 2020-ci il razılaşmasında əksini tapıb. Bunun daha çox Laçın yolu ilə qarşılıqlı olaraq tənzimlənməsi məsələsi vurğulanırdı. Artıq Laçın dəhlizi anlayışı ortadan qalxıb. Belə bir anlayış yoxdur. Belə olan halda qarşı tərəfin Zəngəzur dəhlizi ilə bağlı konkret addım atacağını gözləmək də mümkün deyil.
- Dəhlizlə bağlı bəzi anlayışların dəyişməsi iddiaları nədən ibarətdir?
- Əslində Zəngəzur dəhlizi ilə bağlı yanaşmalar fərqlidir. Ümumiyyətlə mən də çalışıram ortaya qoyduğum ritorika Azərbaycan hökumətinin mövqeyindən 180 dərəcə fərqlənməsin. Amma dəfələrlə vurğulamışıq ki, biz buna dəhliz və başqa bir şey də deyə bilərik. Bu heç də yüz faiz dəhliz şəklində olmaya bilər. Çünki Zəngəzurun dəhliz mahiyyətində reallaşması məsələsinə Azərbaycan Prezidentinin baxışları da fərqli ola bilər. Ola bilsin ki, vaxtilə Zəngəzurdan qovulmuş azərbaycanlıların ora qayıtması məsələsi var. Burada dəhlizin kimin hüquqi nəzarətində olması məsələsi aydınlaşmalıdır. Böyük ehtimalla torpaq mülkiyyəti olaraq Ermənistanda qalacaq. Azərbaycana isə dəhlizə nəzarət imkanları veriləcək. Dəhlizin tunel və körpü şəklində olması də prosesə təsir edən amillərdəndir.