9 Noyabr 2023 20:11
3 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə qələbə paradının keçirilməsi tarixi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuzun tarixi Azərbaycan şəhərində Zəfər keçidi yaddaşlarla həkk olunacaq. Prezident İlham Əliyevin də vurğuladığı kimi: Azərbaycan tarixində belə bir qələbə olmayıb. Hər şeyi dəyişdirən, yenidən formalaşdıran, geopolitik vəziyyəti dünyaya bəyan edən bir hadisə yaşandı. Eyni zamanda burada bir neçə vacib mesaj verildi.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, Xankəndidəki tarixi hadisədə verilən ilk mesaj Azərbaycana qarşı hərəkətə keçmək istəyən qüvələrə verildi:

“Hər kəs artıq dərk edəcək ki, Azərbaycana ona qarşı çıxanlara layiq cavab verməyə qadirdir. Digər vacib məsələ Azərbaycanın qarşıya qoyduğu hədəflərə nail olmasıdır. Məhz bunun fonunda isə Azərbaycanın müharibə istəməməsidir. Prezident bunu açıq şəkildə bəyan etdi. Sözsüz ki, bu mesaj həm bizim, həm də dünya üçün vacib mesaj idi. Çünki Azərbaycan torpaqlarını azad edib, suverenliyi bərpa olunub. Aparılan Vətən müharibəsi ədalətin, qanunun bərpası idi. Qanunsuz müharibələri, yeni torpaq iddialarını və yaranan mənzərəni Ermənistanın timsalında hamı gördü. Azərbaycanın qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün təmin olunması idi”.

Millət vəkili hazırda Azərbaycanın gündəmində əsas prinsip olaraq sülh amilinin dayandığını bildirib: “Azərbaycan dünyada elə bir geosiyasi məkana, imkana və gücə malikdir ki, ölkəmizlə mütləq şəkildə hesablaşmaq lazımdır. Region və dünya ölkələri Azərbaycanın mövqeyini nəzərə almalıdır. Çünki bu gün Azərbaycansız heç bir məsələ reallaşmır. Kiçik coğrafiyada Azərbaycan dünya üçün geosiyasi məsələlərin açarına çevrilib. Reallıq odur ki, Qərbi-Şərqlə, Şimalı-Cənubla birləşdirən məhz Azərbaycandır. Ən əsası isə ölkəmiz sivilizasiyaları öz daxilində ehtiva edir. Uzun illər Qərbin çalışdığı, nəhayət həyata keçirdiyi Hanqtinqtonun (Samuel Hantinqton “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" nəzəriyəsinin müəllifi) nəzəriyyəsi işləməyə başlayıb. Yəni, artıq sivilizasiyalar toqquşur. Xüsusi ilə İslam və dünya, xristianlıq, yəhudilik qarşı-qarşıyadır. Amma bu məsələlərdə Azərbaycan elə bir reallıq formalaşdırdı ki, onun apardığı siyasəti mütləq nəzərə almaq lazımdır”.

Səməd Seyidov hesab edir ki, torpaqların azadlığı, suverenliyin bərpasından sonra Azərbaycan perspektivdə ideoloji işinin çərçivələrini formalaşdırır: “Qarşıya qoyulan məsələlər tam şəkildə həll edildikdən sonra yeni üfüqlər, məsələlər, fikirlər, perspektivlər açılır”.


Müəllif: Tapdıq Qurbanlı