27-i sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli razılaşma ilə 30 illik münaqişə başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyi ilə 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələndi və bütün dünya Azərbaycan xalqının birliyinin əzminin şahidi oldu.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, ölkəmizdə yaşayan millətlərin nümayəndələri, dini konfessiyaların nümayəndələri, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında yaxından iştirak edib: “Artıq regionda yeni bir reallıq yaranıb. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu dəyişdi və itirilmiş ərazilərimizi geri qaytardı. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə torpaqlarımızın işğaldan azad olmasının ən başlıca təzahürü kimi öz təsdiqini tapdı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Məhz 44 günlük Vətən Müharibədə yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə faktoru və verilmiş mənəvi-siyasi dəstək olduqca böyük önəm kəsb edirdi. Müharibənin ilk saatlarından Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi və bununla iki qardaş ölkənin birliyini və gücünü hər kəs görmüş oldu”.
Deputat 10 noyabr 2020-ci il üçtərəfli razılaşma ilə kommunikasiya xəttlərinin açılması üçün də əsaslar formalaşdırıldığını bildirib: “Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu bölgədə yeni canlanmaya, iqtisadi siyası əlaqələrin daha da inkişafına təkan olacaq. Sözsüz ki, Ermənistanın bu prosesdə maraqlı olması onun üçün daha əlverişli imkanlar deməkdir. Çünki işğal siyasətinə görə, blokada vəziyyətinə düşümüş Ermənistan nəhayət normal konstruktiv mövqe sərgiləməklə region dövlətləri ilə eyni zamanda qlobal miqyasda çıxış imkanları qazana bilər”.
Eldar Quliyev vurğulayıb ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi: “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. Eyni zamanda rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar Azərbaycanın maraqlarına, qarşıda duran vəzifələrin ardıcıllıqla icrasına yönəlmiş strategiya bu gün də uğurla davam edir. Razılaşmadan ötən üç il ərzində hərbi müstəvidə qazanmış uğurlarını siyasi-diplomatik müstəvidə davam etdirərək Azərbaycan ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasına, konstitusiya quruluşunun bərpasına nail olub. Sentyabrın 19-20-də baş tutmuş lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisində separatizmin kökünü birdəflik kəsməklə Ermənistanın işğal, mənimsəmə və torpaq iddiasına son qoymaqla yanaşı Azərbaycan ərazisində ikinci erməni dövlət yaratmaq kimi absurd iddialarını da birdəfəlik tarixin arxivinə göndərdi. Xankəndidə cənab Ali Baş Komandanın ucaltdığı şanlı üçrəngli bayrağımız və keçirilən qələbə paradı Azərbaycan xalqının qələbəsi, tarixi ədalətin bərpası idi”.