Bu gün Azərbaycanla İraq arasında uğurla inkişaf edən əlaqələr mövcuddur. Ölkəmizlə İraq arasında diplomatik münasibətlər 30 mart 1992-ci ildə qurulub. Məhz həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna yüksəldilib. Bu illər ərzində ölkələrimiz arasındakı əlaqələr müntəzəm xarakterə malik olub. Bunun nəticəsi olaraq 2016-cı ilin oktyabrında Azərbaycanın Bağdad şəhərində səfirliyi fəaliyyətə başlayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan və İraq beynəlxalq təşkilatlarda hər zaman bir-birinə dəstək verib: “BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər təşkilatlarda hər iki ölkə qarşılıqlı olaraq həmrəylik nümayiş etdirib. Ölkələr həmçinin bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu mənada İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri mühüm önəm kəsb edir. İraq prezidentinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü, verilən bəyanatlar vacib əhəmiyyətə malikdir. Burada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə nəticələnən regionda yaranmış yeni reallıq və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının hazırıkı vəziyyəti ilə bağlı ifadə edilən fikirlər olduqca önəmli idi. Sözsüz ki, İraq prezidentinin bu səfəri diplomatik əlaqələr tarixində Azərbaycana ilk rəsmi səfəri oldu. Bu amil ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə, əməkdaşlığın daha geniş spektorda inkişafına təkan verəcək”.
Deputat bildirib ki, İraq prezidenti ilə birlikdə verilən bəyanatda da ölkəmizin başçısı Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü təmin etdiyini bir daha vurğuladı: “Dövlətimizin başçısı 30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanılmasına baxmayaraq beynəlxalq birliyin heç bir təsirli addım amadığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ərazilərinin müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan tərəfindən işğalda saxlamaq niyyətinin olduğunu söyləyib. Məhz işğala son qoymaq üçün formalaşmış olan ATƏT-in Minsk qrupu 28 il ərzində bir addım belə irəliləyişə nail olmayıb. Bu reallığa adekvat olaraq Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını bəyan edərək, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə özünün beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi yolla azad edib. Bununla ölkəmiz BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə tanınmış hüququndan istifadə edərək ərazi bütövlüyünə nail olub”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan bu gün özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etməklə yanaşı sülh müstəvisində də konkret mövqe sərgiləyir: “Ölkəmizin hərbi-siyasi üstünlüyünə baxmayaraq Ermənistana sülh təklif edib. Amma buna baxmayaraq erməni tərəfi özünün ənənəvi xarakterinə sadiq qalaraq Azərbaycanın sülh təklifinə konkret cavab verməkdə çətinlik çəkir. Xüsusi olaraq Ermənistanın sülh prosesindən boyun qaçırmasına imkan yaradan ölkələr var ki, bu sırada Fransanın hazırda Cənubi Qafqazla bağlı destruktiv siyasət apardığı müşahidə olunur. Fransa özünün qaranlıq keçmişinə, müstəmləkələrdə apardığı soyqırım və hərbi cinayətlərinə baxmayaraq bu gün Cənubi Qafqazda öz məkirli maraqları naminə Ermənistandan alət kimi istifadə edir. Bütün bunlara baxmayaraq Azərbaycan özünün sülh konsepsiyasına uyğun olaraq regionda qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına xidmət edəcək addımları təşviq edir”.
Sevinc Hüseynova hesab edir ki, hazırkı reallıqlar fonunda Azərbaycanla İraq arasındakı münasibətlər bundan sonra daha intensiv şəkildə inkişaf edəcək: “Sözsüz ki, hər iki ölkənin beynəlxalq platformalarda regionda baş verən hadisələrə dair sərgilədikləri mövqe olduqca önəmlidir. Bu mənada İraq prezidentinin ölkəmizə səfəri, imzalanan sənədlər hər iki ölkə arasındakı münasibətlərin bundan sonrakı xarakterində olduqca vacib amil kimi önə çıxacaq”.