6 Dekabr 2023 17:28
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi Qərb siyasətçiləri özlərini ermənilərdən daha çox ermənipərəst kimi aparırlar. Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin nəticlərini bir çox erməni anlayışla qarşıladığı halda, qərbli siyasətçilər bundan çox narahat olublar. ABŞ və Avropanın siyasi dairələrində artan anti-Azərbaycan kampaniyasının başlıca səbəbi üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, son üç ildə Cənubi Qafqazda təsir imkanlarından məhrum olan Qərb dövlətləri, beynəlxalq təşkilatlar öz aralarında sövdələşməyə gedərək fəaliyyətlərini gücləndiriblər: “ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın anti-Azərbaycan bəyanatları, konqresdə keçirilən dinləmələr, senatın "907-ci düzəliş"in təxirə salınmasını iki illik qadağan etməsi iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi. ABŞ-ın Azərbaycanın rəsmi şəxslərini ölkəyə buraxmaması isə münasibətlərdəki gərginliyi daha da artırdı.

Buna cavab olaraq rəsmi Bakı Ceyms Obraynın Azərbaycana nəzərdə tutulan səfərinə “yox” dedi. ABŞ başa düşdü ki, ermənilərə xoş gəlmək üçün atdıqları sifarişli və qərəzli addımlar əks effekt verir. Məhz bundan sonra ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək münasibətləri normallaşdırmaq üçün bəzi təklif və xahişlər etdi. Blinken Azərbaycanın dövlət başçısından xahiş etdi ki, köməkçi Obraynən Azərbaycana səfərinə icazə versin. Blinken ABŞ-Azərbaycan münasibətlərini əvvəlki səviyyəyə qaytarmaq üçün çalışacağını vurğuladı. Doğrudan da, ABŞ-da başa düşürlər ki, Azərbaycanla münasibətləri korlamaq Ağ evin maraqlarına cavab vermir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də ötən gün açıqlama verərək bəyan etdi ki, heç vaxt “Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyik” ifadəsini işlətməyiblər. Çünki bu, ABŞ-ın maraqlarına cavab vermir. Qərbdə yaxşı başa düşürlər ki, münasibətləri korlanması Azərbaycanı region dövlətlərinə daha da yaxınlaşdıracaq. Hesab edirəm ki, Ceyms Obrayn Bakıya səfəri zamanı Qarabağda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin indiki durumu haqda daha ətraflı, obyektiv məlumatlar əldə edəcək. Çox güman ki, Obrayn Bakıda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin, erməni tərəfinin də əlavələrini nəzərə almaqla, imzalanmasını təşviq edəcək. Həmçinin Orta Dəhlizin - Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək kommunikasiyanın dəstəklənməsi ABŞ-ın regiondakı əsas hədəflərindən biridir. ABŞ İranı bu dəhlizdə görmək istəmir. Hesab edirəm ki, Obrayn bu kimi məsələləri Bakıda müzakirə edəcək. Ümid edək ki, Bakı səfəri Brayenin ölkəmizlə bağlı qərəzli, yarımçıq təəssüratlarını aradan qaldıracaq. Onda ədalətli, obyektiv bir fikir, mövqe formalaşacaq”.

Politoloq qeyd edib ki, ABŞ-dan fərqli olaraq bəzi Avropa dövlətləri Azərbaycana qarşı qərəzli siyasətlərini, hücum, təhdid dolu kampaniyalarını daha da sürətləndirirlər: “Almaniya və Fransa kimi ölkələr Azərbaycanda tənqidi mediaya dəstəklərini daha da gücləndiriblər. Təəssüflər olsun ki, özlərini media nümayəndəsi adlandıran, əslində isə casusluq və təxribatçılıqla məşğul olan şəxslər şəxsi, maddi maraqlarını hər şeydən üstün tuturlar. Azərbaycana qarşı aparılan kampaniyalara dəstək verən, təzyiqlərə sevinən, ermənilərin hüquqlarının müdafiəsinə qalxan içimizdəki satqınlar ifşa ediləndən sonra onların arxasında bəzi Qərb dövlətlərinin, beynəlxlalq təşkilatların dayandıqları üzə çıxır”.

R.Alıyev onu da bildirib ki, Avropa İttifaqının vitse-prezidenti Jozep Borel kimi təcrübəli diplomat Qarabağı könüllü təkr edən ermənilərin sayı ən azı 50 min artıraraq 150 minə qaldırıb: “Guya Azərbaycan 150 min ermənini yurd-yuvasından qovub. Separatizmdən əziyyət çəkən bir ölkənin – İspaniyanın vətəndaşı olan Jozep Borelin “150 min nəfər” sayını hansı mənbədən götürməsi maraqlıdır. Ermənilər Jozep Borreldən daha insaflı çıxaraq Qarabağı tərk edən ermənilərin sayını 100 min kimi qeyd edirlər. Halbuki bu rəqəmin özü də şübhəlidir. Ən əsası Qarabağın erməni əhalisinin oranı necə tərk etdikləri bütün dünyanın gözü qarşısında baş verdi. Onlar könüllü olaraq, tam təhlükəsizlik şəraitində Qarabağı tərk etdilər. Azərbaycanın Qarabağ ermənilərinə qayıdıb evlərində yaşamaları üçün təklifi bu gün də qüvvədədir. Hesab edirəm ki, ABŞ kimi, Fransa, Almaniya və digər dövlətlər, beynəlxalq təşkilatlar öz səhvlərini anlayaraq Azərbaycanla münasibətlərinə düzəliş edəcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər