Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyadan Azərbaycana ərazi iddiası ilə bağlı istinadı çıxarmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Mane Ananyan deyib.
Ekspert Ermənistan rəhbərinin məsələ ilə bağlı son iki açıqlamasına diqqət çəkib:
“Paşinyan yanvarın 20-də partiya üzvləri ilə iclasında bəyan etdi ki, İrəvan Bakıdan, Bakı da İrəvandan bir-birlərinə ərazi tələblərinin olmayacağına dair təminat istəyir. Bundan bir gün əvvəl Paşinyan Ədliyyə Nazirliyində yeni konstitusiyanın zəruriliyi barədə açıqlama vermişdi. Paşinyanın bu iki açıqlamasının məntiqi bir-birinə tam uyğun gəlir.
Azərbaycan Prezidenti (İlham Əliyev) hələ ötən ay bildirmişdi ki, Ermənistanda revanşist meyllərin olmayacağına dair etibarlı təminat lazımdır.
Həmin təminatlar nədən ibarətdir və Ermənistan nə etməlidir?
Ermənistan konstitusiyasının birinci cümləsində 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad edilir, burada isə Qarabağdan bəhs olunur. İndi Paşinyan nə üçün konstitusiyanı dəyişdirmək və ya yenisini qəbul etmək istədiyini, bunun Azərbaycan prezidentinin tələbləri ilə bağlı olub-olmadığını açıqlamır. Eyni zamanda o qeyd edib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı son danışıqlar bir-birindən ərazi tələblərinin olmaması məntiqinə əsaslanır”.
Ananyan hesab edir ki, Ermənistan baş nazirinin bu istəyi konstitusiya və ya Müstəqillik Bəyannaməsindən Azərbaycana ərazi iddiası ilə bağlı istinadı çıxarmaq məqsədi daşıyır.
“Paşinyan hətta Ermənistanı hüquqi prosedurlarla da Qarabağ haqda düşünmək imkanından məhrum etməyə çalışır”, - ekspert əlavə edib.