Azərbaycanda fevralın 7-də baş tutacaq seçkini müşahidə etmək üçün ATƏT-in müşahidə missiyasının iştirakı mümkün olacaq. AŞPA isə seçkini müşahidə etmək üçün dəvət edilməyib. Almaniyalı deputat Frank Şvabe də artıq bunu etiraf edib. Amma buna qədər onlar bunu söyləmirdilər.
Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.
“Bu, iki beynəlxalq qurum arasında olan qısqanclıqdır. Faktiki olaraq ATƏT və AŞPA arasında səlahiyyətlərlə bağlı maraqların toqquşması yaşanır. Bu heç kimə sirr deyil. Azərbaycana olan yanaşmada bu amil bir daha özünü göstərdi”, - deyə o qeyd edib.
Politoloq burada AŞPA-nın günahı özündə axtarmalı olduğunu söyləyib:
“Çünki bu qurum Qarabağ erməniləri ilə Ermənistan SSRİ-də yaşayan ermənilərə qarşı ikili standartlardan yanaşıb. AŞPA üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda ermənilərin yaşadığı dövrdə belə Azərbaycanı ittiham etməkdə davam edib”.
Zaur Məmmədov təşkilatın burada separatçılığa son qoyulması ilə bağlı heç bir çağırışının olmadığını diqqətə çatdırıb:
“Ona görə də, Şvabe kimi şəxslər uydurma ittihamlarından əl çəkməlidir. AŞPA-ya hörmət qoyulmasını istəyirlərsə, təşkilatın əsl məramının nədən ibarət olduğunu etiraf etsinlər. Hazırda onlar ATƏT-in də Azərbaycana gəlməməsi üçün əllərindən gələni edirlər. Hazırda ATƏT-ə AŞPA mümkün qədər təzyiq edir. Məqsədləri odur ki, ATƏT seçkiləri müşahidə etməsin. Təşkilat seçkini müşahidə etsə belə hesbatın AŞPA-nın istəyinə uyğun hazırlanmasını istəyilər”.