Ötən gün seçici kimi səhər saatlarında qeydiyyatda olduğum məntəqədə səs verdim. Sözsüz ki, səsvermə gizlidir və kimin-kimə səs verməsini elan etməyə ehtiyac yoxdur. Amma kimə səs verməklə bağlı suallar çox ünvanlanır. Prezident seçkilərində dostluq münasibətlərim olan iki namizəd Zahid Oruc və Elşad Musayev də iştirak edirdi. Zahid Oruca xüsusi simpatiyam var. Köhnədən, yəni o, Ana Vətən Partiyasında olduğu dövrdən əlaqələrimiz mövcuddur. Bu gün də xoş münasibətlərimiz davam edir. Həmçinin Elşad bəy də yaxın dostum, əqidə yoldaşımdır. Ötən prezident seçkilərində də Elşad bəy mənə namizəd olduğum vaxt çox ciddi dəstək vermişdi.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Amma bu seçkidə düşündüm ki, dostluğu, tanışlığı əsas götürüb mövqe nümayiş etdirmək olmaz. Ölkədəki, bölgədəki vəziyyət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi məni belə bir qərar qəbul etməyə vadar etdi ki, səsimi İlham Əliyevə verim. Faktiki olaraq seçkilərin pozulması və yaxud da səsin mənasız yerə kiməsə verilməsinin heç bir əhəmiyyəti yoxdur. Digərləri də etiraf edə bilər ki, İlham Əliyev qeyri-adi dərəcədə üstün keyfiyyətlərə, imkanlara malikdir. Hətta seçkidə hər hansı bir qanun pozuntusu olmasa belə, real seçicilərin səsləri hesablansaydı yenə də İlham Əliyev üstün qələbə əldə edəcəkdi. Buna heç kəsin şübhəsi yoxdur”, - deyə o vurğulayıb.
Partiya sədri bildirib ki, hətta ABŞ tərəfindən seçkidən öncə keçirilən exit-polun nəticələrinə görə, İlham Əliyevin yüksək dərəcədə səs toplaması qeyd edilmişdi:
“Bu onu göstərir ki, Amerika da İlham Əliyevin Azərbaycanda hakimiyyətdə qalmasında və yeni prezidentlik dönəmində onun ölkəni idarə etməsində maraqlıdır. Çünki ABŞ tərəfindən aparılan "exit-pollar", müşahidəçilərin verdiyi bəyanatlar yalnız hüququ deyil, həm də siyasi bəyanatdır. Ona görə də mənim də İlham Əliyevə nəyə görə səs verməyim, ilk növbədə 44 günlük müharibə, antiterror tədbirləri nəticəsində Azərbaycanın tarixi probleminin həll olunması ilə bağlı idi. Ümid edirəm ki, İlham Əliyevin yeni Prezidentlik dövründə onun qarşısında duran ən ciddi məsələ Rusiya sülhməramlı qüvvələrinin buradan çıxarılması olacaq”.
Sərdar Cəlaloğlu İlham Əliyev yeni prezidentlik dönəmində Azərbaycana beynəlxalq ictimaiyyətin qərəzli mövqeyinə qarşı dura biləcək deyə ona dəstək verdiyini söyləyib:
“Ona görə dəstək olduq ki, İlham Əliyev erməni lobbisinin Azərbaycana qarşı apardığı təbliğatı neytrallaşdırsın, ölkəmizin suverenliyini daha ciddi şəkildə qoruya bilsin. Çünki legitimliyi zəif olan heç bir şəxs beynəlxalq birliyin, qarşısında dayana bilməyəcək. Mənim İlham Əliyevə səs verməyim xarici siyasətdə düzgün mövqeyinə, Türkiyə ilə strateji əməkdaşlıq, Türk Dövlətləri Birliyinin yaranması, Rusiya və İranla münasibətdə Azərbaycanın maraqlarının qorunmasında prinsipial mövqe nümayiş etdirdiyinə görədir. Bu məsələyə dövlətçilik kontekstindən yanaşaraq, dövlətin maraqlarını rəhbər tutmuşam”.