12 Fevral 15:24
7 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Rusiya tərəfi Qarabağdakı sülhəramlılarla bağlı məsələnin Bakı ilə Moskva arasındakı razılaşmaya əsaslanacağını bildirib. Burada diqqərçəkən məqam isə sülhməramlılarının təyinatının hansısa formada dəyişdirilməsi məsələsinə də eyham vurulmasıdır...

- Rusiya xarici işlər nazirinin müavini bu məsələ ilə bağlı açıqlama verib. Sözsüz ki, onun fikirlərində ziddiyyətli məqamlar da var. Konkret olaraq sülhməramlılarla bağlı onların rəyinə, fikrinə əsaslansaq, onu demək olar ki, sülhməramlıların Azərbaycandakı funksiyası artıq sona çatıb. Sadəcə olaraq müəyyən amillərə görə hələlik sülhməramlıların 2025-ci ilə qədər Azərbaycanda qalması məqbul hesab edilib. Bu ola bilsin ki, dövlətlərarası münasibətlərdə əldə olunan razılıqla bağlıdır. Faktiki olaraq rus sülhməramlılarının Azərbaycanda fəaliyyəti üçün heç bir əsas qalmayıb. Ona görə də, Rusiya tərəfindən Xarici İşlər Nazirliyi və başqa səviyyələrdə deyilən fikirlərdən asılı olmayaraq 2025-ci ilin noyabrında artıq sülhməramlı qüvvələr Azərbaycanı tərk edəcək. Başqa alternativ yoxdur.

- Moskva tərəfindən Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesi ləngitdiyi deyilir. Belə olan halda Rusiya bu məsələdə nə kimi təsirli mövqe sərgiləyə bilər?

- Ermənistan ən müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir, buna maraq göstərmir. Burada iki ciddi problem önə çəkilir. İlk növbədə erməni tərəfi heç cür 2020-ci ilin 10 noyabr razılaşmasında əks olunduğu kimi Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti fonunda açılmasını istəmir. Hətta Ermənistan öz daxilində bununla bağlı ayrıca bir qurum da yaradıb. Onlar çalışır ki, Zəngəzur dəhlizi Rusiyanın nəzarəti altında açılmasın. İrəvan dəhlizin ancaq özlərinin nəzarət mexanizmi ilə açılmasında maraqlı olduğunu göstərir.

- İrəvanın bununla bağlı narahatlığı hansı amillərə görədir?

- Zəngəzur dəhlizinin keçdiyi Meğri rayonu İran-Ermənistan sərhədində yerləşir. Burada Ermənistanın İranla olan sərhədini Rusiya Sərhəd Xidməti qoruyur. Ona görə də, erməni tərəfinin Rusiya ilə bağlı arqumentləri əsassızdır və heç bir məntiqə uyğun gəlmir.

- Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Amma Ermənistan tərəfi dəhlizin gömrük, sərhəd yoxlanışları fonunda açılmasının mümkünlüyünü qeyd edir. Bu halda dəhliz anlayışı sözsüz ki, öz mahiyyətini itirir. Siz necə düşünürsünüz?

- Rəsmi Bakı Prezident səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bəyan edib. Bu da ondan ibarətdir ki, Zəngəzur dəhlizində hər hansı bir yoxlamadan söhbət gedə bilməz. Azərbaycanın Qərb rayonlarından Naxçıvana gedən bütün sərnişinlər və yüklər heç bir yoxlanışdan keçmədən maneəsiz hərəkət etməlidir. Sadəcə olaraq Ermənistan bundan da imtina etməyə çalışır. Məhz bu kontekstdə dəhlizin açılması məsələsində ləngimələr yaranır. Rusiyanın isə burada mövqeyinin güclənməsi prosesdə dəyişikliklərin baş verməsi ehtimalını artırır. Ukrayna cəbhəsindəki vəziyyətin dəyişməsi fonunda Moskva Zəngəzur dəhlizinin açılması məsələsində də mövqeyini bir qədər sərtləşdirə bilər. Beləliklə, dəhlizin birbaşa Rusiyanın nəzarəti altında açılması reallaşar. Bu da sözsüz ki, üçtərəfli razılaşmada əksini tapmış prinsiplərə əsaslanaraq atılacaq addımdır. Bununla da rus qoşunu Zəngəzura yeridilərək dəhlizin açılması və işləməsi ilə bağlı rejim yaradacaq. Sözsüz ki, bu mümkün addımın atılması istisna edilmir.

- Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, Bu, hansı məntiqə əsaslanan yanaşmadır?

- Əsas məqam Paşinyanın bu mövqeyinin üzərində nə dərəcədə duracağı ilə bağlıdır. Uzun müddətdir ki, onun komandası da bu və ya buna bənzər bəyanatlar səsləndirib. Lakin sülh sazişinin imzalanması ilə bağlı konkret addım atılmayıb. Ona görə də, Paşinyan tərəfindən bu istiqamətdə hansı addımların atılması hələki sual olaraq qalır. Buna baxmayaraq Ermənistan üçün artıq başqa bir çıxış yolu qalmayıb. Rəsmi İrəvan sülh istiqamətində addım atarsa, bu onun indiki ağır durumdan çıxmasına xidmət etmiş olacaq.


Müəllif: Tapdıq Qurbanlı