26 Fevral 13:02
6 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi həyatı rəngarəngdir. Türkiyə prezidenti od, su və həbsxanadan dünya siyasətində nüfuzlu liderliyə qədər çətin yollardan keçib. Türkiyə lideri siyasətlə maraqlanmasaydı, uğurlu futbolçu və ya peşəkar stolüstü tennisçi ola bilərdi. Bu gün dünyanın ən xarizmatik fəal siyasi xadimlərindən biri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 70 yaşını qeyd edir.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” yazır.

Rusiya agentliyi bildirir ki, Türkiyənin gələcək prezidenti bir gəmi kapitanının ailəsində doğulub, uşaqlıq illərində siyasi karyera haqda düşünməyib:

“Gənc yaşlarından pulu özü qazanmalıydı - ya tıxaclarda su satmaqla, ya da cibxərcliyi ilə aldığı açıqcaları yenidən satmaqla. Futbol karyerası arzusunda idi, keçirdiyi oyunlara dair arxiv qeydlərini tapmaq çox çətin olsa da, mütləq uğurları var.

Özünün dediyinə görə, idman dünyasında səyahəti 15 yaşında öz həmyaşıdları ilə küçədə kağız və kartondan hazırlanmış “top”la oynayarkən başlayıb. Daha sonra həvəskar “Erokspor” klubunda çıxış edib.

“Yadımdadır, o vaxtlar ot olmayan meydançalar necə dəhşətli idi. Bütün karyeram ərzində yalnız bir qırmızı vərəqə almışam, o da hakimlə mübahisə etdiyimə görə”, - Ərdoğan “NTVSpor”a müsahibəsində deyib.

Eyni müsahibədə karyerasını başa vurmaq məcburiyyətində qalmasının səbəbini də açıqlayıb. Anası bu hobbisinə görə sakit idi, hətta formaya görə ona kömək də etmişdi, amma atası qəti şəkildə bunu istəmirdi. Həmişə oxumaq lazım olduğunu təkid edirdi, idman onu bundan yayındırırdı. Hətta Ərdoğan futbola olan həvəsini ata-anasından gizlətməli olmuşdu, amma yenə də xəbər tutdular.

Ərdoğan futbol karyerasında Türkiyənin məşhur “Fənərbaxça” futbol klubundan dəvət alıb, bu da özlüyündə çox şeydən xəbər verir. Amma atası inadında qaldı, Ərdoğan tezliklə təhsil və siyasi karyera xatirinə idmandan əl çəkməyə məcbur oldu.

2022-ci ilin oktyabrında mediada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astanaya səfərə gələn Ərdoğanla stolüstü tennis oynadığını əks etdirən videogörüntülər yayılmışdı. Mövqeyini dəyişmədən hücumları dəf edən Türkiyə liderinin çıxışı çoxlarını təəccübləndirmişdi. Ərdoğanın raketkanı qeyri-adi şəkildə tutması da diqqət çəkmişdi”.

“Novosti” qeyd edir ki, Türkiyə mediasında vaxtaşırı Ərdoğanın səhhətinin pisləşməsi ilə bağlı şayiələr yayılır:

“Ötən ilin iyununda jurnalist Can Ataklı sosial şəbəkədə yazmışdı ki, guya həkimlər yaxın vaxtlarda Ərdoğan üzərində hansısa əməliyyat keçirməyə hazırlaşırlar. Amma jurnalist diaqnozu dəqiqləşdirməyib. Türkiyə liderinin administrasiyası məlumatı rəsmən təkzib edib.

Ötən ilin aprelində seçki kampaniyası zamanı Ərdoğan yerli telekanallara müsahibə verərkən özünü pis hiss etdi. Müsahibə yarımçıq kəsildi, uzun fasilədən sonra efirə qayıdan Türkiyə prezidenti qripə yoluxduğunu açıqladı. Bundan sonra Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi müxtəlif söz-söhbətlər fonunda Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib etdi.

İyunda Türkiyə lideri hər kəsə aydın cavab verdi: tamamilə sağlamdır. Bundan sonra Türkiyənin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın basketbol oynadığı və yaxşı fiziki formada olduğu videonu yaydı. Video qısa zamanda geniş populyarlıq qazandı.

Videoda türk liderin asta qaçarkən topu necə məharətlə idarə etməsi və səbətə atması aydın görünürdü.

Prezidentin özü də Türkiyənin idman ölkəsi olduğunu bildirir, hamını idmanla məşğul olmağa çağırır.

“Sağlam millət yetişdiririk, idmansız sağlamlıq mümkün deyil. Artıq idman sahəsində yaxşı nəticələr əldə etmişik, bundan sonra da xalqımıza idman sevgisini aşılayacağıq”, - Türkiyə lideri söyləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər