11 Mart 17:46
13 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Fransa yaxınlaşması fonunda Tehranın Zəngəzurda hərbi baza qurmaq niyyətində olduğu bildirilir. Sözsüz ki, bölgə dövlətlərinin, xüsusən də Azərbaycan İranın Zəngəzurda hərbi baza qurmasına normal yanaşa bilməz. İranının öz hüdudlarından kənarda açıq hərbi baza qurması mümkün deyil. İndiyə qədər Tehran Suriyada və başqa yerlədə atdığı addımları bu ölkələrin razılığı ilə həyata keçirib. Ermənistanın bu istiqamətdə hansısa bir addım atması ABŞ-nin maraqlarına uyğun gəlməyən hadisə olacaq.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti indiki halda İranın Zəngəzurda hərbi baza yaratmasına razılıq verə bilməz:

“Bu, onun üçün çox riskli bir proses olar. Belə bir hərbi baza qurulsa, buna qarşı Azərbaycan çox ciddi adekvat addımlar atacaq. Əslində bu kimi gedişlər Bakının mövqelərini daha da möhkəmlətmək üçün əsas verəcək”.

Partiya sədri hesab edir ki, İranın həbi bazası olan yerdə Azərbaycanın atdığı addımların dəstəklənməsi istisna deyil:

“Amerika belə bu halda Bakıya lazımı dəstək verəcək. Qarşı tərəfin belə bir riskə gedəcəyi düşündürücü deyil. Bu, xaraktercə iki yaxın ölkənin əməkdaşlığı fonunda ortaya çıxan məsələdir. İran Ermənistanla açıq və gizlin, hər zaman sıx əməkdaşlıq edib”.

Fazil Mustafaya görə, bu kimi çağırışlar daha çox açıq mesaj xarakteri daşıyır:

“Məqsədləri Azərbaycana hansısa informasiya ötürməkdən ibarətdir. Amma bunun heç bir əsası yoxdur. Azərbaycan istənilən təhdidə qarşı addımlarını daha sərt formada atmağa hazırdır”.


Müəllif: Tapdıq Qurbanlı