16 Mart 09:27
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan revanşist və radikal müxaliflərə sülh müqaviləsinin mətni ilə tanış olmalarını qadağan edib. Bunu da erməni deputat Qeqam Manukyan deyir. İddiaya görə, baş nazir bununla revanşistlərin sülh prosesini pozmaq cəhdlərinin qarşısını almağa çalışır. Bəs Paşinyanın özü bu prosesin müsbət nəticə ilə bitməsində nə qədər maraqlıdır?

- Azərbaycanla münasibətlərin normallaşması məsələsi Ermənistanın daxili siyasətində istifadə olunan əsas amillərdən biridir. Daxili siyasi qüvvələr bir-birlərinə qarşı bu faktordan istifadə etməyə çalışırlar. Manukyanın iddiasına gəlincə, onun özü və təmsil olunduğu “Ermənistan” fraksiyasının üzvləri bir neçə ay əvvəl Ermənistan Xarici İşlər Nazirliyində müzakirə olunan sülh müqaviləsinin önəmli hissəsi ilə tanış olublar. Yəni indi verilən bəyanat daha çox daxili siyasi mübarizəyə hesablanıb. Manukyan “Daşnaksütyun” Partiyasının üzvüdür. “Ermənistan” da “daşnaklar”la yanaşı, Köçəryan və digər revanşist qüvvələrin birləşdiyi parlament fraksiyasıdır.

Belə bəyanatlar verməkdə məqsəd guya hansısa təhlükəli proseslərin getdiyi barədə Ermənistan cəmiyyətində təəssürat yaratmaqdır. Bunun üzərindən də hakimiyyətə təzyiqi artırmağa çalışırlar. Ermənistanın siyasi cameəsində səsləndirilən fikirlərin əksəriyyətinə bu çərçivədə baxmaq lazımdır. Bunlar daxili siyasi mübarizədə istifadə olunan təbliğat tezisləridir.

Paşinyanın özü sülhdə nə qədər maraqlıdır? Bunu demək çətindir. Paşinyan gah sülh tərəfdarı olduğunu göstərir, gah da buna zidd açıqlamlar verir. Məsələn, Münxendə verilən bəyanatdan bir gün sonra Parisdə səsləndirilən fikirlər arasında nə qədər fərq olduğunu gördük. Bütün Ermənistanın – hakimiyyət və cəmiyyətin sülhə hazır olduğunu düşünmürəm.

- Böyük Britaniya Baş naziri Rişi Sunak və BMT-dən sülh müqaviləsinin tezliklə imzalana biləcəyinə dair müsbət mesajlar oldu. Prezident İlham Əliyev də sülhə çox yaxın olduğumuzu söylədi. Sizcə, bu il məsələ bitəcəkmi?

- Buna inanmıram. Deyilənlər qəti fikirlər deyil, bunlar sadəcə arzular və istəklərdir. Həm Britaniya baş naziri, həm də BMT nümayəndəsinin açıqlamasında belə bir arzu ifadə edildi. Əlbəttə, xoş məram olaraq söyləndi ki, Bakıda COP-29 tədbiri keçirilənəcək müqavilə imzalansa, yaxşı olardı. Bəs Ermənistan buna hazırdırmı? Hazır deyil. Bu baxımdan, 2024-ün sülh ili olacağına dair məndə şübhə var. Kaş mən yanılım. Amma Ermənistanın hazırkı davranışları, eləcə də onun arxasında duran dövlətlər və onu silahlandıranlar, revanşa hazırlayanlar sülhdə maraqlı deyillər.

- Ermənistanın sülhdən yayınma siyasəti hansı nəticələr doğura bilər?

- Sülh müqaviləsinin imzalanmaması gərginliyin qalması deməkdir. Azərbaycan prezidentinin bununla bağlı verdiyi açıqlamalar var. Prezident bildirdi ki, sülh müqaviləsi imzalanmayacaqsa, proses davam edə bilər. Dövlət başçısı bununla əlaqəli üç variant səsləndirmişdi: ya proses davam edir və sülh sazişi imzalanır, ya proses uzadılır, ya da imzalanmır və hər kəs öz yolu ilə gedir. Bu o deməkdir ki, sülh müqaviləsi imzalanmayacaqsa, gərginlik də qalacaq, Ermənistan hansısa məqamda revanş cəhdlərinə əl atacaq, bunun da onun üçün ağır nəticələri olacaq.

Sülh müqaviləsi imzalanana qədər bəzi məsələlər həllini tapmalıdır. Diqqəti həmin məsələlərə yönəltmək lazımdır. Bura Zəngəzur dəhlizinin açılması, mina xəritələrinin verilməsi, işğal altındakı 8 kəndin qaytarılması məsələləri daxildir. Bu məsələlər həllini tapmadan sülh sazişinin imzalanması ciddi nəticələr verməyəcək.

Ermənistan xoş məram göstərib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəksə, sülh müqaviləsi imzalanacaq, yox, indiyədək davam edən siyasət bundan sonra da qalacaqsa, o zaman sazişin imzalanmasından danışmaq yersiz olacaq. Əlbəttə, bu durumda sülh müqaviləsi olmadan da yaşayacağıq, ancaq sülh sazişinin olmaması o demək olacaq ki, Ermənistan üzərindən regiona müdaxilələr davam edəcək. Bu da bölgədə vəziyyəti gərginləşdirəcək. Məsələnin mənfi yönü budur.

Azərbaycan bütün bölgənin sabitliyi, inkişafı və regiondankənar qüvvələrin rəqabət poliqonuna çevrilməməsi üçün sülh müqaviləsinin imzalanmasında təkid edir.


Müəllif: Mənsur Rəğbətoğlu