Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı müxtəlif yanaşmalar var. Zəngəzur dəhlizi ətrafında fərqli mövqelər səslənir. Bir çox hallarda "dəhliz açılmasa, sülh olmayacaq" - anlayışı gündəmə gəlir. Nikol Paşinyanın da Avropa İttifaqı ilə bu mövzuda danışıqlar apardığı iddia olunur. Burada Qərbin dəhlizlə bağlı mövqeyi daha çox maraqlıdır.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, hazırda Zəngəzur dəhlizinin açılmasında Qərb də maraqlıdır:
“Beynəlxalq Ədalət Məhkəməsinin Aparteid Konvensiyasına uyğun verdiyi qərarlar var. Azərbaycan və Ermənistanla bağlı burada vacib qərarlar yer alıb. Beynəlxalq Məhkəmə öz mövqeyini açıq şəkildə bildirib”.
Politoloq hesab edir ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana yolların açılmasına tərəfdar olduğunu bəyan edib:
“Söhbət kommunikasiya xəttlərindən gedir. Amma məsələ ondadır ki, onlar bu yolun dəhliz formasında açılmasına tərəfdar olmayacaqlar. Yəni yola əlavə statusun verilməsinə Qərb dövlətləri razılıq verməyəcək”
Fərhad Mehdiyevə görə, Qərb dövlətləri Zəngəzur dəhlizinə bu statusu verməkdə maraqlı deyil:
“Amma bu status olmadan sərbəst giriş-çıxışı təmin edən nəqliyyat dəhlizinin Qərb dövlətləri tərəfindən dəstəklənməsi mümkün görünür”.