Avropa Birliyinin (AB) Azərbaycana olan ehtiyacı neft-qaz, o cümlədən alternativ enerjinin nəqliylə yanaşı, Orta və Transxəzər beynəlxalq nəqliyyat dəhlizlərinin (TBDN) reallaşması ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, bir neçə gündən sonra Özbəkistanın paytaxtı Daşkənddə “Avropa Birliyi – Mərkəzi Asiya” sammiti keçiriləcək:
“Sammitə AB rəhbərliyi və Mərkəzi Asiya ölkələrinin liderləri qatılacaq. AB bölgə ölkələrinə 10 milyard avroluq yatırım paketi təklif edəcək. Bu məbləğin böyük hissəsi Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Orta dəhliz, yəni TBDN-nin reallaşmasına xərclənəcək. Bu layihənin əsas ölkələrindən biri Azərbaycandır. Çin məhsulları Mərkəzi Asiya, oradan da Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınacaq.
AB-Mərkəzi Asiya sammitinə hazırlıq işləri ötən il Lüksemburqda 5+27 formatında xarici işlər nazirlərinin iştirakı ilə başlamışdı. Orta dəhlizin reallaşması Avropa üçün önəmlidir. Çünki Avropa ölkələri Çin məhsullarını Rusiya ərazisi üzərindən əldə etmək istəmir. Pekin də anlayır ki, Rusiya dəmir yollarından istifadə Çinin Avropaya ixracatına əngəldir. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar davam edəcək. Ona görə də Orta dəhliz ideyası Pekinin də diqqət mərkəzindədir. AB Orta dəhliz və TBDN-ə yatırımlar qoyduqdan sonra Pekin də bu layihənin reallaşmasını sürətləndirməyə çalışacaq”.
Məqalədə o da qeyd olunur ki, Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev görüşərək ikitərəfli əlaqələrin inkişafını müzakirə edib:
“Qazaxıstan prezidenti bu ittifaqı “həyati əhəmiyyətli” adlandırıb. Həqiqətən Mərkəzi Asiyanın iki böyük dövləti arasında münasibətlər nə qədər yaxın olsa, bu o qədər Orta dəhliz layihəsinin cazibəsini artıracaq.
AB Orta dəhliz və TBDN-in reallaşması vacibliyini nəzərə alaraq, rəsmi Bakı ilə dialoqu genişləndirməlidir. Bu ilin yanvarında Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat bağlantıları üzrə keçirilən foruma Azərbaycan da dəvətli idi. Orta dəhliz Ələt limanı üzərindən Bakı-Tiflis-Qars dəmir yoluna birləşəcək.
Zəngəzur dəhlizinin reallaşması Orta dəhliz yolunu daha da qısaldacaq. Bunun üçün Bakı və Ankara kimi Brüssel də İrəvana Zəngəzur dəhlizinin açılmasının önəmini başa salmalıdır”.