13 İyun 22:02
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən hadisə orada daxili siyasi vəziyyətin ciddi şəkildə gərginləşməsinin göstəricisidir. Revanşist keşiş Baqrat Qalstyanın qızışdırması ilə parlamentə hücum cəhdi mənə 2020-ci ilin 10 noyabrında İrəvanda baş verənləri xatırlatdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, o zaman etiraz edən kütlə həm Nazirlər Kabinetinin, eyni zamanda Ermənistan parlamentinin binasına daxil oldu:

“Həmin zaman parlamentin sədri bugünkü xarici işlər naziri olan Ararat Mirzoyan orada ağır xəsarətlər aldı. Bunun ardınca Ermənistanda yavaş-yavaş stabilləşmə başladı. Sonra da seçkilər oldu. Amma bu dəfə görünən odur ki, dünən hökumət də bu prosesə kifayət qədər ciddi hazırlaşmışdı. Polis qüvvələri həm hökumət evinin, həm parlamentin ətrafında cəmləşdirilmişdi. Baş verən təxribatın qarşısı polis tərəfindən kifayət qədər qətiyyətlə alındı. Təxminən 100 nəfərə yaxın yaralanan var. Bunların bir hissəsi polislərdir. Ermənistandan verilən məlumatlar da onu göstərir ki, əslində açıq şəkildə Ermənistan hakimiyyət nümayəndələri kilsənin rəhbərini birbaşa ittiham edirlər. Onun əlinin erməni xalqının qanına batdığını söyləməklə təbliğat istiqamətində əks hücumlara keçiblər. Parlament sədrinin, eyni zamanda Paşinyanın aparat rəhbərinin açıqlamaları hamısı onu göstərir ki, əslində hökumət yaxın zamanlarda bu istiqamətdə sərt tədbirlərə əl atmaq niyyətindədir. Eyni zamanda proseslərin nəzarətdən çıxmasını istəmir”.

Oqtay Qasımov bildirib ki, etiraz edən qüvvələr öz ətraflarına elektorat yığa bilmədilər:

“Yəni etiraz aksiyaların miqyası kritik həddə çatmadı ki, bunun vasitəsilə hakimiyyət dəyişdirilsin. Digər vacib məqam ondan ibarətdir ki, bir aydan artıq davam edən bu etiraz aksiyaları hakimiyyətin içərisində hansısa çat yaratmadı. Əksinə, hakimiyyət komandasından verilən açıqlamalara baxdıqda görürük ki, hakimiyyət komandası birliyini qoruyub saxlayır. Bu da çox vacib şərtdir. Digər tərəfdən, müxalifətin hazırda alternativ təşkil edəcək parlaq siyasi fiquru yoxdur. Bu da ciddi bir çatışmazlıqdır. Düşünürəm ki, bu baxımdan, Rusiya proseslərə açıq şəkildə olmasa da, bir formada dəstək verir. Amma eyni zamanda Rusiya çox yaxşı bilir ki, bu prosesdə açıq şəkildə iştirak etmək onun maraqlarına uyğun deyil. O baxımdan ki, qeyd etdiyimiz şərtlər səbəbindən hakimiyyət dəyişməyəcəyi halda Rusiya Paşinyan hakimiyyət ilə işləmək məcburiyyətindədir. Bu baxımdan hakimiyyətlə münasibətləri kritik həddə qədər pisləşdirmək istəmir. Eyni zamanda həm də açıq şəkildə prosesə qoşulmur. Bu etiraz aksiyalarında əsas qüvvə - məhz Rusiya yaxınlığı ilə bilinən Köçəryanın dəstəsi və onun deputatları xüsusilə aktiv iştirak edirlər. Onun mühafizəçiləri və ona yaxın elektorat bu prosesdə aktiv iştirak edir. Rusiya eyni zamanda çox yaxşı bilir ki, Ermənistanda hakimiyyətin dəyişməsi sülh prosesinə ciddi zərbə vuracaq və proses uzanacaq. Keşiş ötən gün bildirdi ki, guya sülh müqaviləsinin Paşinyanın imzalamasındansa, onların imzalaması daha doğru olacaq. Guya bununla demək istəyir ki, onlar Ermənistan üçün daha əlverişli şərtlərlə İrəvan maraqlarına cavab verən sülh bağlamaq istəyirlər. Bu da absurddur. Rusiya da çox yaxşı bilir ki, Ermənistanda hakimiyyətin dəyişməsi sülh prosesinin ləngiməsinə gətirib çıxaracaq. Əslində bölgədə yeni eskalasiya olacaq ki, bu da Ermənistan üçün ağır nəticələr gətirə bilər”.

Politoloq qeyd edib ki, Paşinyanın açıqlamaları daxili auditoriya üçün hesablanıb:

“Paşinyan erməni cəmiyyətinə göstərmək istəyir ki, konstitusiyanı 2018-ci ildən başlayaraq davamlı şəkildə dəyişəcəyini deyir. Amma bu, Azərbaycanın tələbləri ilə bağlı deyil. Paşinyan bu mesajı verməyə çalışır. Digər tərəfdən də bunu Ermənistanın daxili işi olduğunu sayır. Azərbaycanın tələblərini daxili işə qarışmaq kimi qiymətləndirir. Bu, kökündən yanlış düşüncədir. Həmin konstitusiyada birbaşa Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası yer alıb. Yəni biz həmin iddiaların dəyişməsini tələb edirik. Bundan başqa, eyni zamanda 1992-ci ilin iyulun 12-də Ermənistan parlamenti tərəfindən qəbul olunmuş qərarın ləğv olunmasını istəyirik. Belə ki, həmin qərara görə, Ermənistanın hansısa vəzifəli şəxsi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan sənədə imza ata bilməz kimi bir hökm var. Biz bunların dəyişməsini istəyirik. Bu, Ermənistanın daxili məsələsi deyil. Bu bizə aid olan məsələlərdir. Birbaşa Azərbaycana və Türkiyəyə toxunur. Ona görə biz tələb edirik. Ermənistan konstitusiyası birbaşa bizə ərazi iddiasını özündə ehtiva edən maddələrlə zəngindir. Ona görə də həmin maddələrin dəyişməsini istəyirik”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər