15 İyun 09:44
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, mətndə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın keçirildiyi, Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şuşa şəhərində səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.

Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.

Heç şübhəsiz, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, milli-mənəvi dəyərlərimizin və İslam mədəniyyətinin mühüm tərkib hissəsi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni nailiyyətlər diləyirəm".

***

09:13

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər