Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə niyə zəng elədi? Belə bir təması gərəkdirən hansı gəlişmə oldu?
- Əlbəttə, ABŞ dövlət katibinin prezidentə zəngi indiki dönəmdə önəmli hadisədir. Nəzərə almaq lazımdır ki, yaxınlarda dövlət katibinin iki müavini ard-arda İrəvana səfər etdi, bu çərçivədə ABŞ-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı bəyanatlar verildi. ABŞ-nin regiondakı maraqlarını nəzərə alsaq, belə bir zəng gözlənilən idi. Ən azı ona görə ki, Vaşinqton mümkün qədər neytral olduğunu göstərməyə çalışır. Əlbəttə, Azərbaycanın aprelin 5-də Brüsseldə Avropa Birliyi, ABŞ və Ermənistan arasında keçirilən görüşlə bağlı narazılıq və narahatlığı vardı, biz indi orada əldə edilmiş anlaşmaların reallaşdığını görürük.
Qərbdən Ermənistana maliyyə vəsaitləri ilə yanaşı, hərbi yardımın edilməsi prosesi başlayır. Fransa ilə Ermənistan arasında “Sezar” artilleriya sistemlərinin tədarükü ilə bağlı anlaşmanın imzalanması bu qəbildəndir. Bir sözlə, Azərbaycanın narahatlığı vardı, hesab edirəm ki, ABŞ bunu nəzərə alır. Blinkenin verdiyi bəyanatla bir neçə gün əvvəl onun müavini Ceyms Obrayenin İrəvanda verdiyi açıqlamalar üst-üstə düşür. Obrayen bildirmişdi ki, Rusiyanın başı Ukraynada qarışdığından tarixi fürsət yaranıb, bundan yararlanaraq sülh sazişini imzalamaq olar. Azərbaycan buna hazırdır, Ermənistan hazır deyil.
Son iki ayda iki ölkə arasında sülh prosesi və delimitasiya ilə bağlı müsbət irəliləyişlər olmuşdu, Ermənistan Azərbaycanın təkliflərinə cavab vermişdi. Amma Ermənistanın son davranışları yeni əngəllər yaradır. Həm Fransadan silahların alınması, həm də Ermənistanın ritorikasındakı sərtləşməni nəzərdə tuturam.
Azərbaycanın sülhlə bağlı iki əsas şərti var. Birincisi, Ermənistan konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ləğv edilməlidir. Ermənistan hələlik buna müsbət reaksiya verməyib. İkincisi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı Bakının təklifi var. Təklif budur ki, Bakı və İrəvan bu qurumun fəaliyyətinə xitam verilməsi ilə bağlı ATƏT-ə müraciət edir. Ermənistan buna da müsbət təpki vermədi. İndi də ortada bir gərginlik var.
ABŞ-yə gəlincə, Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyirlər. Həmçinin Vaşinqton Azərbaycanla ikitərəfli əlaqələrin inkişafını önə çəkərək, Bakıda keçiriləcək COP29-a tam dəstəyini ifadə edir. Sülh müqaviləsinin yolu ondan keçir ki, ABŞ pozuculuqla məşğul olan Fransanı neytrallaşdırsın və Ermənistan hakimiyyətinə təzyiq etsin. Ermənistan bu təzyiq qarşısında ən azı çərçivə sazişini imzalayacağına və konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxaracağına dair təminat verməlidir. Ermənistana inam yoxdur, buna görə də ABŞ təzyiq etməlidir.
- Həmişə “Qarabağ klanı” haqda danışanda revanşizmdən söz düşür, amma Ermənistan rəhbərliyinin son davranışları onun haqda da belə təəssürat yaradır. Məsələn, həm sülh çağırışı edirlər, həm də ayrı-ayrı ölkələrdən hücum silahları alırlar. İrəvanın bu ziddiyyətli davranışlarının izahı necədir?
- Heç vaxt Ermənistan müxalifəti ilə rəhbərliyi arasında ciddi dünyagörüşü fərqinin olduğunu düşünməmişəm. Paşinyan o adamdır ki, beş il əvvəl Şuşada “Qarabağ Ermənistandır və nöqtə” bəyantını vermişdi. Paşinyan o şəxsdir ki, onun müdafiə naziri (Davit Tonoyan) “yeni müharibə, yeni torpaqlar” tezisini ortaya atmışdı. Revanşist düşüncə erməni cəmiyyətinin önəmli hissəsini əhatə edir. Sadəcə bu gün Ermənistanda hakimiyyətdə olanlar reallığı dərk etdiklərindən o iddialardan geri durublar. Amma heç kim zəmanət verə bilməz ki, bu gün “sülhpərvər” görünən siyasi komanda sabah Azərbaycana qarşı hansısa iddialar irəli sürməyəcəklər. Bu səbəbdən də, Azərbaycan məsələnin fundamental həllindən yanadır.
Ermənistan konstitusiyası və digər qanunvericiklik aktlarından ərazi iddiaları çıxarılmalı və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan 5 şərti əsasında sülh müqaviləsini imzalamalıdır. Amma Ermənistan bunu etməkdən yayınır. Buna görə də, Ermənistanda yalnız müxalifətin revanşist əhval-ruhiyyədə olduğunu düşünmürəm. Ermənistan rəsmilərinin dəyişən ritorikasına fikir verin. Fransa və Hindistandan silahların alınması fonunda mövqelərini kəskinləşdirməyə çalışırlar, prosesi uzatmaq istəyirlər. Sülhə hazır olmaları ilə bağlı bəyanatları da, təbliğat vasitələrindən biridir, beynəlxalq ictimaiyyətin nəzərində Ermənistan haqda “sülh tərəfdarı” imicini formalaşdırmağa çalışırlar.
Əsl niyyətləri başqadır. Yaxın zamanda sülh sazişini bağlamaq niyyətində deyillər. Ermənistan sülhdən yana olsaydı, ötən dörd ildə Zəngəzur dəhlizinin açılması məsələsini arxa plana atmazdı. Başqa sözlə, Ermənistandakı ayrı-ayrı siyasi qüvvələr arasında Azərbaycan və Türkiyəyə yanaşmada ciddi fərqlərin olduğunu düşünmürəm, sadəcə reallıq hakimiyyəti fərqli davranış sərgiləməyə məcbur edir.
- Son gəlişmələri nəzərə aldıqda bir kəskinləşmə müzakirə mövzusu ola bilərmi?
- Düşünürəm ki, Ermənistan il ərzində sülh müqaviləsini imzalamağa yaxın gəlməsə, gələn ildən durum gərginləşə bilər. Həqiqətən də sülh üçün fürsət pəncərəsi yaranıb, artıq Ermənistan konstruktiv davranmalı və müqaviləni imzalamalıdır. Proses uzansa və Fransa kimi regiondankənar dövlətlərin müdaxilələri artsa, bu, gərginliyin qalması demək olacaq. Ermənistanı silahlandıranlar anlamalıdırlar ki, Azərbaycan baş verənlərə seyirçi qalmaq niyyətində deyil. Sülh müqaviləsi imzalanmasa, bu proses bir mərhələyə qədər kənardan izləniləcək və Ermənistanın silahlandırılması təhlükəli həddə çatanda prosesə müdaxilə ediləcək. Amma fürsət pəncərəsi var, Ermənistan bu addımı atmalıdır, atmasa, gedişat gələcəkdə ciddi gərginliyə səbəb ola bilər.