Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti iyulun 6-da partiyanın Ali Məclisinin çağırılması barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, partiyanın baş katibi Yaşar Kələntərli bununla bağlı açıqlama verib.
Yaşar Kələntərli bildirib ki, biz mövcud şəraitdə erməni işğalına son qoymuş hakim partiyanın resurslarını nəzərə alaraq çox istərdik ki, iqtidar ölkəmizin imicini və milli maraqları nəzərə alaraq, çoxpartiyalı siyasi sistemin inkişafı naminə 83-dən artıq dairədə öz namizədini irəli sürməsin: “Bəzi ölkələrin qanunvericiliyində təsbit olunub ki, heç bir partiya və ya seçki bloku parlamentdə yerlərin üçdə ikisindən (2/3-dən) çoxunu tuta bilməz. İmkan yaradılsın ki, digər partiyalarda formalaşmış peşəkar siyasətçilər Milli Məclisə seçilə bilsin, parlament çoxpartiyalılıq prinsipi əsasında formalaşsın və fəaliyyət göstərsin, Milli Məclisdə heç olmasa bir müxalifət fraksiyası olsun.
Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, biz başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaq və cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək. Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz, digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik”.