VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Pavel İtkin, Sankt-Peterburq hökumətinin hazırkı üzvü və Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Evgeniy Qriqoryev, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.