VI çağırış Milli Məclisin deputatı olmuş, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Avropa İttifaqı yenidən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında yer almaq iddiasındadır. Brüsselin növbəti dəfə bu prosesdə iştirakı nə dərəcədə real görünür?
- Avropa İttifaqının prezidenti Şarl Mişelin artıq bu posta qalmaq müddəti bitir. Bir müddət sonra onun yerinə Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta bu vəzifəni tutacaq. Ona görə də, indiki halda Şarl Mişelin hansı rakursda öz missiyasının davamını təkid etməsi çox maraqlıdır. Bu günlərdə onun Azərbaycan və Ermənistan tərəfinə danışıqları məhz Brüssel formatında davam etdirməsi ilə bağlı ünvanladığı məktub da heç bir əhəmiyyət kəsb etmir.
- ABŞ tərəfindən növbəti dəfə Azərbaycan və Ermənistan ərazisindən keçən kommunikasiya xəttlərinin bərpası ilə bağlı açıqlama verilib. Ağ Ev Zəngəzur dəhlizindən keçəcək marşrutun bərpasında niyə bu qədər maraq göstərir?
- Bu mövzuya toxunan adamlar heç olmasa mövcud xəritələri qarşılarına qoyub real mənzərəni dəyərləndirə bilər. Faktiki olaraq bu xətt üzrə yol mövcuddur. Azərbaycandan Gürcüstana və oradan da Türkiyəyə qədər davam edən dəmir yolu xətti var. Bakı-Tbilisi-Qars dəmir yolu real kommunikasiyadır. Azərbaycan həmçinin bu dəmir yolunun genişlənməsi ilə məşğuldur.
- Ağ Evin Ermənistanla bağlı əsas iddiası nədir?
- Sadəcə olaraq Amerika tərəfi az qala geopolitik məsələ kimi bu xəttlərin Ermənistan ərazisindən keçməsini istəyir. Əgər onlar doğrudan da bunu istəyirsə, Ermənistana təzyiq etməlidir. Bu halda Ermənistan Meğridən keçən dəmir yolunu bərpa edə bilər.
- Alternativ marşrut olaraq hansı istiqamət təklif edilir?
- Onlar Qazax-İcevan yolunu az qala böyük əhəmiyyətli bir marşrut kimi gündəmə gətirirlər. Bunu Azərbaycana ən yaxşı variant kimi təqdim edirlər. Amma sözsüz ki, bunu bacarmayacaqlar.
- Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov açıqlama verdi ki, Ermənistanla sülh mətni üzərində tərəflərin mövqeyi çox yaxındır. Sizcə, tərəflərin bu kontekstdə sülh masasına oturması ehtimalı varmı?
- Prezident İlham Əliyev də bəyan etdi ki, sülh mətni 80-90 faiz səviyyəsində razılaşdırılıb. Sözsüz ki, əldə edilən bu müsbət irəliləyişləri itirmək olmaz. Sadəcə olaraq bu sənəd paraflana bilər. Paraflamaq isə sənədi imzalamaq demək deyil. Eyni zamanda açıq qalan digər məsələləri də razılaşdırmaq vacibdir. Burada dəhliz və digər məsələlərlə bağlı qərarlar verilməlidir. Meğridən keçən dəmir yolu xəttinin bərpası ilə bağlı işlər başlanmalıdır. Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları əks etdirən “müddəaların” ləğvi ilə bağlı öhdəlik götürməlidir. Almatı razılaşmasında erməni tərəfinin etdiyi əlavələr aradan qaldırılmalıdır. Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə kimi absurd qərarlar ləğv olunmalıdır. Bu zaman alacaq məsələlər olsa da Ermənistan bunları dəyişəcəyi ilə bağlı öhdəlik götürməlidir. Bunlar olmadığı halda Bakının sülh müqaviləsini imzalamağa razılıq verməsi mümkün deyil.
- Azərbaycanla Ermənistan arasında uzanan sülh prosesi fonunda müharibə ehtimalları da gündəmə gətirilir...
- İndi iddialar səslənir ki, guya Azərbaycanla Ermənistan arasında yeni bir müharibə olacaq. Faktiki olaraq bunun üçün heç bir əsas yoxdur. Hər iki tərəfdən bu istiqamətdə hər hansı hazırlıq aparılmır. İki ölkənin şərti sərhəddində olan insidentlər isə müharibə demək deyil. Adətən müharibəyə hazırlaşan tərəflər böyük hərbi təlimlər keçirir, qoşunlar sərhəd xəttinə yığılır və s. 44 günlük müharibədən öncə Azərbaycanın keçirdiyi təlimlər göz önündə idi. Bu zaman hamı müharibə ehtimalını dəyərləndirirdi. Ona görə də, indiki halda hansısa bir hərbi əməliyyatların başlaması ilə bağlı yayılan informasiyalar sadəcə olaraq təbliğat xarakteri daşıyır.
- İranda Həmas liderinin öldürülməsindən sonra yaranmış gərgin vəziyyət bölgə üçün nə vəd edir?
- Sözsüz ki, bu hallar region üçün təhlükədir. Azərbaycan tərəfi haqlı olaraq əlindən gələni edir ki, bu risklər hansısa çətinliklər yaratmasın.