25 Avqust 2020 18:14
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin vətəndaşlara müraciəti var, biz də inanclı insanlara tövsiyəmizi veririk. Həmçinin Məhərrəm ayından bir gün öncə də pandemiya dövründə dini mərasimlərin keçirilməməsi ilə bağlı videokonfrans təşkil olundu. Konfransda QMİ-nin tabeliyində olan bütün qazilər, səlahiyyətli nümayəndələrə bildirildi ki, bu müraciəti insanlara çatdırsınlar.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, dini mərasimlərin keçirilməsi ilə bağlı cəmiyyət tərəfindən müəyyən müraciətlər var:

“Burada ənənə halını almış mərasimlər yer alır, İmam Hüseyn əleyhissəlamın matəm mərasimidir, əsrlər öncə insanların qəlbinə hopub, kök salmış bir inancdır. Bu nöqteyi-nəzərdən də insanlarımız daxili duyğularını biruzə verirlər.

Digər tərəfdən isə burada xarici təsirlər də yer alır. Dövlətimizə yönəlik mənfur siyasət yürüdən, düşmən dəyirmanına su tökən insanlar var. Onlar din pərdəsi altında öz məqsədlərinə çatmaq üçün insanlara nüfuz edə bilirlər. Çünki inanc həssas məsələdir və onlar insanların bu inancını qıcıqlandırırlar”.

O bildirib ki, ölkəmizdə digər ölkələrlə müqayisədə dini mərasimlərin keçirilməməsi karantin qaydalarından asılı olaraq dəyişir:

“İnsanlar əsas gətirirlər ki, ətrafımızdakı müsəlman ölkələrində bu və ya digər formada dini mərasimlər keçirilir. Azərbaycan kiçik dövlət olduğu üçün digər müsəlman ölkələri ilə müqayisədə məscidlərimizin sayı məhduddur.

Məscidlər dövlət tərəfindən təmir olunur, hər bir məsciddə səlahiyyətli şəxslər öz məsuliyyətini hiss edir, birmənalı olaraq qoyulan qaydalara riayət olunur. Bizdə və digər ölkələrdə karantin qaydalarına riayət olunmanı müqayisə edək. Mərasimlərin müxtəlif formada keçirildiyi ölkələrdə karantin qaydaları da bizdəkindən fərqlidir, insanlar fərqli formada qaydalara riayət edirlər. Bizdə isə ölkə üzrə vətəndaşlar birmənalı olaraq bu tələblərə riayət edir. Bu günə qədər proses yaxşı davam edib, inanclı insanlarımız, ibadətlə məşğul olanlar, elm sahibləri bu səmimiyyəti qəbul ediblər.

Ümid edirəm ki, vətəndaşlarımız ilahiyyatçılarımızı dinləyib, pandemiya ilə bağlı olaraq dini mərasimləri evlərimizdə qeyd etməyə razı olacaqlar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər