22 Sentyabr 12:38
2 494

Ötən gün Təhsil Nazirliyi bir həftəlik tədris müddətində təhsil müəssisələrində baş verən yoluxma statistikasını açıqladı. Statistikaya görə, dərs ili başlayandan 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Hər kəsin gələn aydan dərslərin ənənəvi qaydada bərpasına hazırlaşdığı zamanda bu statistika müəyyən tərəddüdlər yaradır. Maraqlıdır, ibtidai siniflərdə hibrid təhsil dayandırılmalıdırmı? Məktəblərdə hansı qaydalar tətbiq edilməlidir? Tibbi nöqteyi-nəzərdən hansı təhlükələr var?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, ibtidai siniflərdə onlayn tədris arzuolunmayandır və ənənəvi tədris davam etdirilməlidir:

“Buna görə də elə mexanizmlər hazırlamaq lazımdır ki, uşaqların yoluxma ehtimalı çox aşağı olsun. Xüsusilə, bu işdə valideynlərin böyük rolu var. İbtidai sinifləri hələ öyrətmək lazımdır, yuxarı sinif şagirdləri deyillər ki, onlara onlayn dərs keçirilsin. Gigiyena qaydalarının gözlənilməsi, verilən tövsiyələrə əməl olunmasına nəzarət etməklə yanaşı, başqa mexanizmləri də hazırlamaq gərəkdir”.

Azyaşlı uşaqlarda yoluxma riskinin aşağı olmasını düzgün yanaşma saymayan baş infeksionist uşaqlarda, gənclərdə xəstəliyin çox vaxt özünü büruzə vermədiyini deyib: “Xəstəlik subklinik səviyyədə keçirilir, buna görə də onların xəstə olub-olmadığını bilmirik. Bu nöqteyi-nəzərdən o xəstələr daha təhlükəlidir. Çünki əlamətləri yoxdur, virus ifraz olunur və ətrafdakılara təhlükə yaradırlar. Bu baxımdan məktəbyaşlı uşaqların yoluxma və yoluxdurma ehtimalı infeksiya mənbəyi olaraq yüksəkdir.

Əgər bacara bilirlərsə, şagirdlərin maska taxmaları çox yaxşı olar. Amma uşaqların əksəriyyəti maska taxa bilmirlər. Maska ilə oynaya, düzgün taxmaya bilərlər, bu isə daha böyük təhlükə mənbəyidir. Buna görə də xüsusi qayda işləyib hazırlamaq lazımdır. Hazırkı vəziyyətə görə sinfin sahəsi böyük olmaldır. Kiçik otaqlarda 15 şagirdin yerləşdirilməsi yolverilməzdir. Böyük otaqlarda ara məsafəsi gözlənilməlidir.

Yaxşı olar ki, şagirdlər tənəffüsə buraxılmasın. Tənəffüs sinif şəraitində həyata keçirilsin. Uşaqlara əyləncəli idman hərəkətləri etdirsinlər. Tənəffüsə buraxılarkən uşaqlar dəhlizdə toplaşır, sıxlıq yaranır”.

Məsələyə münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, statistika xeyli acınacaqlı durumu ifadə edir, həm müəllimlərin, həm də şagirdlərin yoluxması ciddi məqamlardan xəbər verir: "Bizim hər birimiz maraqlıyıq ki, dərslər başlasın və təhsil alanlarımız təhsildən geri qalmasın. Hazırkı situasiyada yoluxma sayının artması, xüsusilə müəllim və şagirdlərin yoluxması bir daha onu göstərir ki, məktəblərin tam açılması nə qədər təhlükəli ola bilər.

Hər birimiz bilirik ki, distant təhsil lazımı effekti vermir və artıq xeyli müddətdir bununla bağlı müxtəlif variantlar səslənir. Biz məktəbləri açaqmı, açmayaqmı, necə olsun? Görünən odur ki, məktəbləri açmaqla bağlı qərar risklidir. Biz insanlarımızın sağlamlığını itirə bilərik. Məsələyə bu baxımdan yanaşmaq ən doğru variantdır”.

İlqar Orucov distant təhsillə bağlı yuxarı siniflərdə də ciddi problemlərin yaşandığını qeyd edib: “Daha aşağı siniflərdə distant təhsil ümumiyyətlə lazımı effekti vermir. Təəssüf edirəm ki, belə bir durumla üz-üzəyik. Oktyabr ayında qəbul edilməsi gözlənilən qərar situasiyadan asılı olacaq. Ümid edək ki, yoluxma sayı azalacaq və biz ibtidai siniflərdə təhsili distant yox, ən azından hibrid formada davam etdirəcəyik.

Bununla belə, fikrimcə, situasiyaya uyğun qərar qəbul edilməlidir. Həmin dövrdə vəziyyətin ciddi araşdırılmasının, ilk növbədə insanların sağlamlığını düşünülərək qərar qəbul edilməsinin tərəfdarıyam”.


Müəllif: Aysel Azad