Yeni doğulmuş körpələrdə sarılıq adətən iki həftə, istisna hallarda bir ay da davam edə bilər. Əsas odur ki, bilirubin səviyyəsi beyni zədələyəcək səviyyədən enmiş olsun. Çox nadirən ana südündən keçir, bəzən isə hemolitik sarılıq ola bilər. Hemolitik, yəni patoloji sarılıq körpənin ilk günündən meydana çıxır. Bu zaman fototerapiya təyin edilmir.
Teleqraf.com xəbər verir ki, bunu həkim pediatr Aytən İsmayılzadə deyib.
Onun sözlərinə görə, fizioloji sarılıq keçirməyən uşaq yoxdur, amma bəzilərində bu, nəzərə çarpmaz dərəcədə ola bilir: “Yenidoğulmuş körpələrdə evə yazılandan sonra sarılığın yaranması normaldır. Bunun doğum evindəki baxımla heç bir əlaqəsi yoxdur. Bilirubini yüksəkdir, fototerapiyaya ehtiyac var deyilirsə, başqa xəstəxanaya müraciət edin, bunu sizdən pul almaq yolu kimi anlamayın.
Fototerapiya yenidoğulmuşlarda işıqla müalicədir. Bu zaman əsasən ultrabənövşəyi şüalardan istifadə olunur, onların bədənə təması təmin edilir. Proses yenidoğulmuş körpənin bədənindəki sarılığı azaltmaq üçün tətbiq edilir. Həmin sarılıq verən bilirubin maddəsini bədəndən rahat çıxa bilən izomerə çevirməklə proses baş tutur.
Bilirubin yenidoğulmuşlarda fizioloji sarılıq zamanı bədəndə yaranan və dəriyə sarı rəng verən maddədir. Eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin parçalanmasından əmələ gəlir. Onlar artıq uşağa lazım olmadıqları üçün parçalanır. Bətndaxilində ciftlə oksigen aldığına görə eritrositlərin sayı çox olur ki, oksigeni hər yerə çatdırsın.
Uşaq doğulanda isə ağciyərlər işə başlayır və o qədər eritrositə ehtiyac qalmadığına görə onlar parçalanır. Nəticədə ayrılan bilirubin maddəsi bədəndə artır və onu saraldır. Bu proses uşağın doğulduqdan 3-4-cü günündən başlayır”.
Aytən İsmayılzadə bildirib ki, bilirubin maddəsi çox olarsa beyni zədələyə bilir, nüvə sarılığı yaranır: “Maddənin çoxluğu çəkiyə görə dəyişir. Əgər uşağın çəkisi 1.5 kiloqramdan azdırsa, 85-140mkmol/l, l-2 kiloqramdan azdırsa, 140-200, 2.5 kiloqramdan azdırsa, 190-200, 2.5 kiloqramdan çoxdursa, 255-295 mkmol/l təhlükə hesab edilir.
Müalicəsi əsasən fototerapiya və tez -tez əmizdirməklə aparılır. Fototerapiya əsasən 96 saat tətbiq edilməlidir və hər 6 saatdan bir bilirubini yoxlamaq lazımdır.
Fototerapiyanın əks təsiri olaraq dəridə quruluq, səpki, yuxululuq, tez-tez defekasiya ola bilər. Lakin bu, ciddi hal deyil.
Müalicə zamanı gözlər, eləcə də oğlan uşaqlarında cinsiyyət orqanı bağlı olmalıdır. Günəş şüaları da eyni fototerapiya kimi təsir edə bilir, fototerapiyadan sonrakı dövrdə günəşlənməyk mümkündür.
Uşaq doğum evində dünyaya gəlir, üçüncü günü onu evə yazırlar və valideynə sənəd verilir ki, qeydiyyatda olduğu ərazi üzrə uşaq poliklinikasına təqdim etsin, ordaki sahə həkimi yenidoğulmuş olması barədə məlumatlı olsun. Ana sənədi çantasına qoyur və poliklinikaya məlumat vermir və ya gec verir. Nəticədə sahə həkimi qayda üzrə 3-7-21-ci günlərdə evə etməli olduğu patronaji edə bilmir, çünki körpə barədə məlumatı yoxdur. Uşaq nəzarətsiz qalır və gün-gündən saralır. Uşağın sarılığı fiziolji sarılıqdır. Doğum evində müəyyən qədər olsa da evə gəldikdən sonra daha da artır, artmaqla yanaşı beyni zədələyir.
Uşağın beynini qanda yüksəlmiş sərbəst bilirubin toksikiliyi hesabına zədələyir. Uşaq süst olur, əmmir, elə yuxulayır. Bunu da yenicə doğulması ilə əlaqələndirib bir şey etmirlər. Uşaq lap sapsarı olanda hamı ayağa qalxır və uşağı doğulduğu xəstəxanaya aparırlar. Bu sarılıq müəyyən həddi keçdikdə uşağa çox ziyandır.
Ona görə doğum evində bilirubin yoxladıb çıxsanız da evə gəldikdən sonra poliklinika sahə həkiminə də məlumat verin. Bəzən analar "onsuz da sahə həkiminə getməyəcəyik "deyib məlumat vermirlər. Bu cür hallar ilə çox rastlaşmışam. Ona görə təklif edirəm ki, sahə həkimləri sahəsində yenidoğulmuş barədə doğum evindən məlumatlandırılsınlar. Yəni doğum evi əsasən də bu özəl müəssisələrə aiddir, uşağın sonrakı taleyi barədə maraqlı olsunlar. Bu uşaqlar sabah zəka geriliyindən, nitq qüsurundan və sairə əqli problemlərdən əziyyətdən çəkəndə günah kimdə olacaq?
Bəzən uşaq nə qədər saralsa da evdəkilər bunun təhlükəsini bilmədiyindən heç yerə də aparmır. Total bilirubin yoxlanılmır. Beyin nüvələri zədələnməsindən xəbərimiz olmur. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır”.