Payız-qış mövsümünün gəlişi ilə koronovirus qurbanlarının sayı hər ötən gün artmağa başlayıb. Dünya ölkələri mövcud vəziyyətlə bağlı həyəcan təbili çalır.
Teleqraf.com xəbər verir ki, türkiyəli professor Mehmet Ceyhan COVID-19 xəstələrinin bəzilərinin dərmanlardan imtina etdiyi üçün ölüm hallarının artdığını bildirib.
Professorun sözlərinə görə, erkən dövrdə qəbul edilən dərmanlar müalicədə mühüm əhəmiyyət daşıyır: "Xəstələr bu dərmanların başqa ölkələrdə istifadə edilmədiyini görüb onlara önəm vermirlər. Əslində dərmanların bir-birindən heç bir fərqi yoxdur. Başqa ölkələrdə istifadə edilən dərmanlar bizim istifadə etdiyimiz dərmanlardan yaxşı deyil”.
Məsələyə ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da münasibət bildirib. Nazirin sözlərinə görə, xəstəliyin erkən dövrlərində dərman qəbulu vacibdir.
O qeyd edib ki, aprel ayında 30 faiz insanda soyuqlama müşahidə olunurdusa, hazırda bu rəqəm 10 dəfə azalıb: “Azalmada ən önəmli rolu dərman istifadəsi oynayır. Dərman qəbulu üçün vəziyyətin pisləşməsini gözləmək doğru deyil”.