23 Dekabr 2020 10:55
3 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompüter tomoqrafiyası müayinəsində aşkar edilən dəyişikliyin adı “buzlu şüşə mənzərəsi”dir. Bu buzlaşma, kristallaşma, buz kristalları deyil. Bu görüntüdür, əlamətdir və COVID-19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir. Kompütür tomoqrafiyası və rentgen müayinəsində istifadə edilən x-şüaları(rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan COVID-19 xəstəliyində bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır:

“Bu proses virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçdiyi zaman baş verir. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə, yəni, şüaların keçməsinə çox maneə yaratmırsa rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər.

Ağciyərlərdəki havalılığın azalması 20 faizdən çox olmalıdır ki, rentgen müayinəsində aşkar edilə bilsin. Kompüter tomoqrafiyası müayinəsində həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir”.

Adil Əliyev qeyd edib ki, dəyişikliklər şüaların bir hissəsinin ağciyərdən keçməsinə mane olur:

“Toplanan maye və qalınlaşmış hissələr şüaların bir hissəsini udur, absorbsiya edir. Bunun nəticəsində əvvəldə qeyd etdiyimiz şəffaflıq təmiz deyil bulanıq görsənir. Sanki, yenə də deyirəm sanki təmiz şüşə kimi yox buzlanmış şüşə kimi görünür və “buzlu şüşə mənzərəsi” adlanır. Yəni ağciyərlərdə heç bir buzlaşma, kristallaşma getmir. Obrazlı şəkildə belə adlanır. Proses artıb dərinləşərsə, artıq daha böyük sahəni əhatə edir. Alveollardakı mayenin qalınlaşmaların miqdarı və zədələnmiş sahələrin sayı artarsa, o zaman konsolidasiya-rentgen və kompüter tomoqrafiyada intensiv kölgəliklər görünür.

Yəni konsolidasiya-intensiv kölgəliklər görüntüsü “buzlu şüşə mənzərəsi”ndən daha ağır vəziyyətdir. O ki qaldı faiz dərəcəsinin göstərilməsinə, burda heç bir problem yoxdur, əksinə “buzlu şüşə mənzərəsi”nin faiz dərəcəsinin göstərilməsi xəstəyə və müalicə həkiminə köməkdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər