“Ölkədə quşçuluqla məşğul olan müəssisələrin vəziyyəti bir o qədər yaxşı deyil. Çünki dünya bazarında quş yemləri bahalaşıb”.
Teleqraf.com xəbər verir ki, bunu “Report”a Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
Onun sözlərinə görə, dünyada quş yemlərindən biri olan soyanın qiyməti iyul ayı ilə müqayisədə hazırda 62 % bahalaşıb, digər quş yemlərinin qiymətində də artımlar var: “Buna səbəb koronavirus pandemiyasına görə dünyada istehsalın azalmasıdır. İdxal edilmiş quş yemlərinin hamısına (soya, qarğıdalı, günəbaxan və s.) idxalda ƏDV tətbiq edilir. Buna görə də bizə quş yemləri daha baha başa gəlir. Quş yemlərinin ƏDV-dən azad edilməsi ilə bağlı hökumətə müraciət etmişik”.
O, müəssisələrin quş ətinin qiymətinin artırmasının gözlənilməsi ilə bağlı məsələyə münasibət bildirib: “Müəssisələr ziyanla işləyirlər. Bununla yanaşı, onlar quş yemlərini almaqda çətinlik çəkirlər. Bu isə istehsala təsir edir. Nəzərə alsaq ki, quş yeminin istehsalı üçün yem komponentləri üzrə Azərbaycan xaricdən asılıdır, qiymət artımı cuzi olsa da, qaçılmazdır”.
A.Vəliyev onu da qeyd edib ki, hazırda ölkədə pandemiyaya görə əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərlə müqayisədə azalıb: “Müəssisələrin kifayət qədər hazır məhsulları var. Müəssisələrin həm yumurta, həm də quş əti istehsalı kifayət qədərdir”.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üç ölkədən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub. Buna səbəb - İsveç Krallığının Smaland (Smaland), İraq Respublikasının Səlahəddin (Salah ad-Din), Vyetnam Sosialist Respublikasının Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.