21 Sentyabr 2021 14:30
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pediatr Günay Rəsulova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Doktor, payız mövsümü başlayır. Bu dövrdə uşaqların immunitetinin yüksəldilməsi üçün hansı tövsiyələriniz var?

- Payız-qış uşaqların tez-tez xəstələndiyi mövsümdür. Bu müddətdə uşaqların xəstələnməsinin qarşısını almaq üçün valideynlər bir sıra mıqamlara diqqət yetirməlidirlər. İlk öncə onların sağlam qidalanmasına diqqət edilməlidir. Çünki sağlam qidalanma immunitetin əsas faktorlarından biridir. Burada bol vitaminli və balanslı qidalanmadan söhbət gedir.

Uşağın qida rasionunda təbii karbohidrat olmalıdır. Karbohidrat dedikdə asan əldə olunan yüksək şəkərli şirniyyatlardan söhbət getmir. Əsasən meyvə və tərəvəzdən alınan təbii karbohidrat, vitaminlər, zülallı qidalardan ət və ət məhsulları, paxlalılar rasionda olmalıdır. Çünki proteinlə qidalanma immunitet üçün çox vacibdir.

Bundan başqa, əsasən vitamin C ilə zəngin bol meyvə və tərəvəzlərin qəbuluna diqqət ayırmalıdır. Uşaqlar çoxlu su içilməlidir. Bol maye içmək immunitet sistemi üçün çox faydalıdır. Həm də viruslar, mikroblar orqanizmə daxil olarkən bol maye qəbul etdikdə asanlıqla xaric olur, xəstəlik törətmir.

Bağçadan və məktəbdən gəldikdən sonra uşaqların nəfəs yolları, burun və boğazın zəif duzlu su məhlulu ilə təmizlənməsi, burnun açıq saxlanması tövsiyə olunur. Uşağın otağını tez-tez havalandırmaq lazımdır. Təmiz havada uşaqların oyun oynamasına diqqət etmək vacibdir. Yuxu rejiminə diqqət edilməlidir. Gec yatan uşaqların immuniteti zəif olur və onlar tez-tez xəstələnirlər.

Uşaqlar ekran qarşısında çox vaxt itirməməlidirlər. Bu, həm onların azhərəkətlilik nəticəsində immunitetinin zəifləməsinə, həm də uşaqlarda yaddaş zəİfləməsinə, görmə problemlərinə səbəb olur.

- Bu mövsümdə virusla mübarizədə qidalarla yanaşı hansı qorunma üsullarından istifadə edə bilərlər?

- Tez-tez xəstələnən uşaqlara payız mövsümündə qrip əleyhinə vaksin vurulmasını tövsiyə edirik. Qrip əleyhinə vaksin vurulan uşaqlar qış aylarında daha az xəstələnirlər. Bundan başqa, uşaqların xəsətlənməməsi üçün profilaktik peyvəndlərin vaxtlı-vaxtında edilməsi çox vacibdir. D vitamini profilaktikasının başlanması mühümdür. D vitamini əskikliyi immunitetin aşağı düşməsinə səbəb olur.

- Dünya praktikasında artıq uşaqların da COVID-19 virusuna qarşı peyvənd olunmasına başlanılıb. Sizcə, bizim ölkədə buna ehtiyac varmı?

- Əlbəttə. Pandemiyanın əvvəlində görürdüksə ki, uşaqlarda bu xəsətlik olmur və ya yüngül keçirilir, artıq əksini müşahidə edirik. Uşaqlar arasında da xəstəlik ağır nəticələrə gətirib çıxardı. Ona görə uşaqlar arasında da vaksinasiyanın tərəfdarıyam.

Məsələn, Türkiyədə 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvənd olunmasına başlanılıb. Düşünürəm ki, yaxın zamanda bizim ölkəmiz də oxşar qərar verər.

- COVID-in yayılmasını nəzərə alaraq, uşaqlar məktəbdə hansı qaydalara riayət etməlidirlər?

- Məktəbdə uşaqlar sosial məsafə gözləməlidirlər. Yaxın təmasdan, qucaqlaşmadan qaçmaq lazımdır. Əvvəllər uşaqlara paylaşmaq vərdişini öyrədirdiksə, artıq pandemiya dövrü olduğu üçün onları bundan çəkindirməliyik. Qapalı məkanlarda böyük yaş qrup uşaqların maska taxmasını tövsiyə edirik. Əlbəttə, gigiyena qaydalarına uymaq, əlləri tez-tez spirtlə dezinfeksiya eləmək çox önəmlidir.

- ABŞ, İsveçrə, Böyük Britaniya və Yaponiyada uşaqlar arasında resperator-sinsitial virusu (RSV) kütləvi olaraq yayılıb. Bu virusun xüsusiyyətləri nələrdir?

- Resperator-sinsitial virus hər zaman mövcud olub. Əsasən, körpə uşalarda yayılır, biz buna RSV bronxiti deyirik. Bronxlarda spazma, təngnəfəslik, öskürək kimi şikayətlər qeydə alınır. Bu, hər mövsümdə yayılsa da, adətən, payız-qış mövsümündə daha çox rast gəlinir.

İlk 3-4 ay arası körpələri bu virusdan qorumalıyıq. Çünki RSM virusu yuxarı tənəffüs yolu xəstəliyi, xüsusilə də kəskin bronxit törədicisi rolunu oynayır.

- Maska məsələsi daima müzakirə olunur. Hansı uşaqlar maskadan kənar saxlanmalıdır? Zərərləri nələrdir?

- İlk 2-3 yaşda valideyn nəzarəti olmadan uşaqların maska geyinməsi tövsiyə olunmur. Böyük yaş qrup uşaqlar isə böyüklər kimi COVID keçirə biləcəyinə görə onların bir-biri ilə 2 metrdən qısa məsafədə təmasda maska taxması tövsiyə edilir.

Uşağın sağlam olduğuna əminiksə, maskaya allergiyası, yaxud asma xəstəliyi varsa, o uşaqlar maska taxmaya bilər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər