İnsanlar adətən istirahət etmək, doğmaları ilə vaxt keçirmək üçün restorana üz tuturlar. Lakin bəzi hallarda bu istirahət əlavə problemə çevrilir. Səbəbi restoranlarda axtarmaq lazım gəlir. Müştərinin sifarişindən qeyri-qida cisimləri (qurd, cücü, tük və s.) çıxır. Sosial şəbəkə qruplarında belə şikayətlər kifayət qədər çoxdur.
Belə hallarda məsuliyyəti kim daşıyır? Müştəri öz hüququndan məlumatlıdırmı? Problem nədən qaynaqlanır?
Teleqraf.com mövzunu araşdırıb.
İlk olaraq məsələnin hüquqi tərəfini öyrənmək istədik. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, belə hallar baş verdikdə müştəri ödənişdən imtina edə bilər:
“Restoranda müştərinin sifarişindən qeyri-qida cisimləri çıxıbsa, ürəyi bulanmırsa, sifarişini yenisi ilə əvəz etdirmək hüququ var. Yox, əgər sifarişdən imtina edirsə, pulunu ödəməmək və ya ödəyibsə geri almaq hüququ var. Bu zaman mütləq kassa çeki götürülməli və müştəri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 qaynar xətti ilə əlaqə saxlamalıdır. Evə gələn qidalarda da eyni şəkildə istehlakçı hərəkət etməlidir. Bu, istehlakçı hüquqlarının pozulmasıdır”.
“AQTA-nın restoranlarda apardığı yoxlamalar lazımı səviyyədə deyil”
Eyyub Hüseynov hesab edir ki, restoranlarda yoxlamalar düzgün şəkildə aparılmadığı üçün bənzər halların sayı artır: “Bəzi ölkələrdə buna çox həssas yanaşırlar. Məsələn, mən Kanadada restorana getmək istəyirdim. Axşam sosial şəbəkədə gördük ki, filan restoranda tarakan aşkarlanıb. Növbəti gün həmin restoranın bağlandığının şahidi oldum. Təəssüf ki, AQTA-nın restoranlarda apardığı yoxlamalar lazımı səviyyədə deyil. Çünki AİB-in apardığı araşdırma nəticəsində məlum olub ki, restoranların mətbəxi pis gündədir və hər bir həşərat yeməyə düşə bilər. Mətbəxlər diqqətdən qaçmamalıdır”.
“Satıcı hər şeyə cavabdehdir”
Ekspert restoran şəbəkəsinin əməkdaşlıq etdiyi şirkəti təqsirkar kimi önə çəkməsinə də aydınlıq gətirib: “Mən hər zaman deyirəm, yumurta xarab olanda toyuğu axtarmırlar, satıcını axtarırlar. İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunda da satıcının hər şeyə cavabdeh olduğu qeyd olunur”.
“Bu, birbaşa olaraq restoranın üzərinə düşən öhdəlikdir”
Mövzuya münasibət bildirən Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov hesab edir ki, restoran məhsulu aldıqdan sonra birbaşa ona cavabdehlik daşıyır: “Restoran məhsulu aldıqdan sonra mətbəxə daxil olan məhsulları şef yoxlamalıdır. Lakin təəssüf ki, indi Azərbaycanda şef demək olar ki, yoxdur, öz işinin öhdəsindən gələn şeflər barmaqla sayılacaq qədərdir.
Şef əvvəlcə məhsulun keyfiyyətinə diqqət etməlidir. Satın almadan çürük kartof da, qurdlu kahı da gələ bilər, bunlar emal prosesində nəzərə alınmalıdır. Əgər xammalı qəbulu ediblərsə, yaxşı olsa belə, emal prosesində mütləq təmizlənməlidir. Adətən göyərti məhsullarını restoranlar hazır təmizlənmiş vəziyyətdə alırlar.
Göyərti sodalı su da saxlanmalıdır ki, üzərində olan mikroorqanizmlər təmizlənsin. Bu, həm fiziki, həm də bioloji çirklənmədir. Ona görə restoranların birbaşa üstünə məsuliyyət düşür. Restorana çox şey sata bilərlər, yoxlamadan nə üçün alır? Bəs nəzarət sistemi, şef hara baxır?
Ali təhsili olmayan, savadsız, otel və restoran biznesinin idarəsi idarə olunmasından xəbərsiz adamları menecer işlədirlər. Ən son nöqtədə nəzarət etdikləri bölüm isə mətbəx olur. Halbuki mətbəx bölümünə nəzarət sistemi zəif olanda zəhərlənmə və bu kimi xoşagəlməz hallar baş verir. Ona görə də birbaşa məsuliyyəti restoran şəbəkələri daşıyır”.
“Ucuz ətin isə şorbası olmur”
Mütəxəssisin sözlərinə görə, problemin digər səbəblərindən biri də restoranların ucuz xammala yönəlməsidir: “Çox vaxt restoranlar keyfiyyətsiz ət alırlar. Bazardan mal alan adama deyirlər ki, harada ucuz məhsul varsa, onu al, bahalısı gərək deyil. Ucuz ətin isə şorbası olmur. Bazarkom da harada çürümüş, ucuz məhsul varsa, alıb gətirir”.
“İşbazlar dövrünə gəlib düşmüşük”
Ağa Salamovun fikrincə, restoran şəbəkələrindəki problem həm də təhsilli mütəxəssislərin azlığından qaynaqlanır: “Hansı restoranın qida texnoloqu var? Ümumiyyətlə, Azərbaycanda nə qədər savadlı qida texnoloqu fəaliyyət göstərir?
Ümumiyyətlə, Azərbaycanda restoran anlayışı sıfıra bərabərdir. Bu gün mətbuata məlum olan və məlum olmayan, ört-basdır edilən zəhərlənmələr var. Buna görə də hesab edirəm ki, sahibkarlar bu haqda ciddi düşünməli və professionallara işi etibar etməlidirlər. Savadlı adamların sayı barmaqla göstəriləcək qədərdir. Çünki heç kimin təhsil almağa həvəsi yoxdur, hamı pul qazanmaq haqqında fikirləşir. Hamı deyir ucuz alım, baha satım. İşbazlar dövrünə gəlib düşmüşük. Keyfiyyət deyilən bir şey qalmayıb. Hər açılan 10 restoranın doqquzunda savadsız kadrlar işləyir”.