Ötən gün sosial şəbəkələrdə İsmayıllıda yerləşən 1 nömrəli uşaq bağçasında azyaşlı uşağa qarşı tərbiyəçi tərəfindən zorakılığın tətbiq edilməsi etirazlara səbəb oldu. Həmin görüntülərdən sonra sual da gündəmə gəldi: uşaq neçə yaşında bağçaya göndərilməlidir? Nələrə diqqət olunmalıdır?
Mövzuyla bağlı Teleqraf.com-a açıqlama verən kliniki psixoloq Nuriyyə Quliyeva bildirib ki, uşaqların 3 yaşdan daha tez bağçaya qoyulması düzgün deyil:
"Psixoloji baxımdan uşaq 3 yaşadək valideyni ilə vaxt keçirməlidir. Valideyn işləyirsə, uşaq evdə nənə-baba ilə, birinci dərəcəli ailə üzvləri ilə birlikdə böyüməlidir. Uşaqda 3 yaşadək anaya bağlılıq düzgün şəkildə tamamlanmalıdır ki, yeniyetməlik dövründə psixoloji problemlər ortaya çıxmasın.
3 yaşadək uşaqların eqoist dövrüdür, onlar paylaşmağı, bölüşməyi bilmir, özünü yeni tanıyır. 3 yaşdan sonra uşaqlara bağçanı tövsiyə edirik. Bağça uşağı sosiallaşması, qrupla birgə fəaliyyətlərə qoruşulması, öyrənməsi baxımından üstündür. Həmçinin, nitq baxımından da uşaq baş verənləri ifadə edə bilmədiyi səbəbindən 3 yaşadək ailədən kənarda, bağçada olmasının tərəfdarı deyilik".
Psixoloq qeyd edib ki, uşaq tam danışa, fikrini tam izah edə bilirsə, onda valideyn bağçanı düşünə bilər: "Uşağın bağçaya öyrəşməsində müəssisənin üzərinə böyük iş düşür. Əlbəttə, ailə uşağı birdən-birə bütöv günü bağçada saxlaya bilməz. Əvvəlcə uşağa izah edilməlidir ki, orada yeni dostların olacaq, yeni şeylər öyrənəcəksən. Uşağın ilkin müddətdə öyrəşməsi üçün gün ərzində 1-2 saatlıq bağçaya qoyulması tövsiyə olunur.
İlk olaraq uşağı dərnək və ya kurs kimi fəaliyyətlərə aparılması daha tövsiyə olunandır. Qoy uşaq bilsin ki, yenidən evə gələcək. Çünki bütün günü ailə əhatəsində olan uşaq birdən-birə yad mühitdə gün keçirə bilməz. Uşaqlarda zaman anlayışı yoxdur, onlara bu, sonsuz kimi gələ bilər. Düşünə bilər ki, valideynləri bir daha gəlməyəcək. Ona görə də, 1 saatlıq kurslarla başlanılması daha məqsədəuyğundur. Hətta tövsiyə edirik ki, bir saat ərzində valideyn də uşağın yanında olsun. 1 ay müddətində uşaq yarım gün kursa, bağça mühitinə öyrəşsə, ondan sonra tam gün rejiminə keçid etmək olar".
Ekspertin sözlərinə görə, uşaqlarda adaptasiya dövrü 1 aya qədər normal sayılır: "Ola bilər ki, 1 ay ərzində uşaq bağçaya getmək istəməsin, narazılıq etsin, ağlasın. Ona travma verərək, bağçada məcburi saxlamaq düzgün deyil.
Bağçada belə uşaqlara xüsusi yanaşmalıdır. Qrupla birlikdə o uşağa qarşı diqqət ayrıla bilər. Məsələn, müəllim desin ki, gəlin bu uşağa hədiyyə verək. Kağızdan nəsə hazırlaya bilərlər, yaxud valideyn övladının sevdiyi hər hansı peçenyeni alıb müəllim vasitəsilə kollektiv tərəfindən uşağına hədiyyə edərlər. Bu, uşaqda həvəs yaradacaq ki, kollektiv məni sevir, artıq bağçaya qarşı onda sevgi oyanacaq. Uşağın özünə və ya başqasına qarşı şiddət qəbulolunmazdır. Şiddət tərbiyə metodu deyil. Şiddət uşaqda qorxu yaradıb, dərin travmalar qoya bilər".