5 Dekabr 2022 10:26
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət bundan əvvəl Bakıda idman yarışında bir gəncin digər gənci bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə haqlı olaraq böyük əks-səda doğurdu. Bu fakt cəmiyyətimizin gələcəyini düşünən hər bir insanı ciddi sarsıtdı. Məhz bu səbəbdən də insanları ən çox narahat edən məsələlərdən biri cəmiyyətdə getdikcə artan aqressiya və şiddətdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın fikrincə, belə halların təkrarlanmaması, gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımların atılmalı olduğu istiqamətlərdə iş aparmaq lazımdır:

“Belə halların qarşısının alınması üçün ölkəmizdə geniş maarifləndirmə və təbliğat işlərinə ciddi ehtiyac var. Təəssüf ki, bəzən kinolarımızda və bir sıra musiqi janrlarında gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da birmənalı olaraq gənclərimizin tərbiyəsinə ciddi təsir göstərir. Əgər belə halların baş verməsini istəmiriksə gənclərə aqressiya, gücə meyl, yox insanlara sevgi və mərhəmət hisləri aşılanmalıdır. Bu məsələdə ailə, bağça, məktəb və idman müəssisələrimizin üzərinə böyük məsuliyyət düşür”.

Millət vəkili hesab edir ki, orta və ali məktəblərimizdə təhsillə yanaşı tərbiyə işinə də xüsusi önəm verilməlidir:

“Bütün bu qurumlar layiqli, məsuliyyətli və mərhəmətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar da öz fəaliyyətlərində tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar”.

Ceyhun Məmmədova görə, cəmiyyətləri uçuruma aparan biganəlik və laqeydlikdir:

“Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa gələcəkdə biz belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki cəmiyyətin hər bir üzvü bu kimi məsələlərə çox həssas yanaşmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər