Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi Cenevrədə Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası) İnzibati Komitəsinin (AC.2) sədri seçilib.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində 6-9 fevral tarixlərində Nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupun (WP.30) 148-ci və 8 fevral tarixində Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası) İnzibati Komitəsinin (AC.2) 67-ci iclası keçirilir. BYD İnzibati Komitəsinin (AC.2) sessiyasında Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Fərid Vəliyev İnzibati Komitənin sədri seçilib.
Qeyd edək ki, 1975-ci ildə imzalanmış və hazırda 73 üzv dövləti əhatə edən Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyası yeganə qlobal tranzit sistemidir və ölkələrdə konvensiyanın tələbləri əsasında beynəlxalq avtomobil və multimodal daşımalar zamanı tranzit prosedurları və gömrük tənzimlənməsi məsələlərini əhatə edir.