Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqaını təbrik edib.
QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, təbrikdə deyilir:
"Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır.
Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.
Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Bu ilki Novruz ölkəmizin həyatında mühüm məqama – Prezident seçkiləri ərəfəsinə təsadüf edir. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür, bu intibah yolunu ürəkdən dəstəkləyir və onun davamlı olmasını diləyir. Ulu öndərin xeyir-duası ilə başlanmış ali mənəviyyat yolunun, əlhəmdülillah, davam etdiyi, İslam dəyərləri ilə yanaşı ümumbəşəri dəyərlərə ehtiramlı münasibəti ilə seçilən, multikultural ənənələr ölkəsi Azərbaycanda qarşıdakı seçkilər də xeyirlərə vəsilə olacaqdır, inşallah!
Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Novruzun qədəmləri mübarək olsun!"