Nə yalan deyim, evlənmə təklifləri alıram, ancaq qəbul etmirəm. Eyni səhvi bir daha etmək istəmirəm. Yəqin ki, ailə qurmayacam.
Bu sözləri Teleqraf.com-a müsahibəsində tanınmış aparıcı-aktrisa Zümrüd Bədəlova deyib. Müsahibəni təqdim edirik.
- Zümrüd xanım, tamaşaçılar sizi aparıcı kimi tanıyıb sevmişdi. Uzun fasilədən sonra yenidən efirə qayıtdız, ancaq bu dəfə aktrisa kimi. Bu, öz seçiminizdir?
- İncəsənət Universitetini bitirmişəm. Ancaq universitetə daxil olmazdan öncə televiziyada çalışırdım, aparıcı kimi tanınırdım. Çox adam bilmir, universitetdə oxuduğum zamanlar 16 tamaşa səhnəyə qoymuşam. 7-8 tamaşada isə özüm oynamışam. Bizim qrupda yaxşı aktrisa az olduğu üçün çox tamaşalarda özüm iştirak edirdim. Yəni həm rejissoram, həm də aktrisa.
- Yeni filmlərdə, tamaşalarda sizi rejissor kimi də görə biləcəyikmi?
- Əslində tamaşa hazırlamağı çox istəyərdim. Hətta vaxtım olsaydı, teatrda da işləyərdim. Amma müasir dövrlə ayaqlaşan tamaşalar hazırlayardım. Çünki tamaşalarda o qədər sünilik, pafos görürəm ki, çoxuna axıra kimi baxa bilmirəm. Gənc aktyorlara, aktrisalara üstünlük verərdim. Qocaman aktyorlarımız var, bu, aydındır, ancaq gənclərə də yol açmaq lazımdır. Kənarda qalan bir çox aktyorlarımız yeni serialların sayəsində üzə çıxdılar. İstedadı olan hər kəsi üzə çıxarardım.
İndi film çəkmək də çox çətindir. Çünki artıq, texnologiyanın son imkanlarından istifadə edib filmlər çəkirlər, düşünürəm ki, mənim film çəkməyim qeyri-səmimi alınar.
- Deyirsiz ki, aktyorluq təhsiliniz də var. Sizi indi komik obrazlarda görürük. Dram filmlərinə də çəkilmək istərdizmi?
- Təklif gəlməyib. Bilirsiz ki, son zamanlar daha çox komediya filmləri çəkilir. Amma ssenarist dostlara özüm yalvarıram ki, bir dram filmi çəkin, mən o filmdə oynayım, lap dayanmadan ağlayım. Mənim üçün ağlamaq da gülmək kimi asandır.
- Sosial şəbəkələrdə maraqlı fikirləriniz, yazılarınız olur. Zaman-zaman qarşılaşıram. Gələcəkdə şeir, hekayə, roman yazmaq haqda düşünürsüzmü?
- İki nəfərin bildiyi sirri sizə deyirəm, siz də üçüncü olun. 4 ildi bir kitabın üzərində işləyirəm, ancaq sonluğunu gətirə bilmirəm. Çünki kitabdakılar özüm haqdadır. Bilmirəm xoşbəxt sonluqla bitirim, yoxsa… Çünki həyatın özü də yarımçıqdır. Bu günə qədər yaşadıqlarımı yazmışam. İnşallah xoşbəxt sonluqla bitirərəm.
- Aparıcılığa qayıdacaqsızmı?
- Qayıdıb-qayıtmayacağımı deyə bilmərəm. Amma yaxşı bir layihə olsa, istəyərdim. Sanbalı, keyfiyyəti itirməmək şərtilə razı olardım. Bilirsiz ki, bu gün hər şey reytinq üzərində qurulur. Reytinq üçünsə səviyyə olmalıdır. Təkliflər var. Hazırda çalışdığım televiziyadan başqa iki televiziyadan da təklif almışam. Sadəcə, illər sonra primitiv laiyəhələrlə efirə çıxmaq istəmirəm.
- Sizi daha çox hansı qane etməlidir – maaş, yoxsa layihə?
- Təbii ki, hər ikisi də məni qane etməlidir. Əvvəl arzulayırdıq ki, filan yerdə işləyək, ancaq indi elə deyil. İndi fikirləşirik ki, maaş və işin keyfiyyəti yaxşı olsun. Loqo heç bir önəm daşımır.
- Qızınız var. Onun gələcəyini necə görmək istərdiz?
- Bizdə uşaq vaxtından hamının beyninə yeridirlər ki, böyüyəndə filankəs olacaqsan. Necə ki, mənim atam da hüquqşünas olmağımı istəyirdi, ancaq gizlincə incəsənətə qaçdım. İnşallah, qızım belə şey etməz. İstəmərəm mənim kimi olsun. Amma həvəslidir. İndidən özünə “Yutub” kanalı açmaq istəyir. Gecə o, yatandan sonra telefonuna baxıram, görürəm ki, “Bu gün sizə nə hazırlayacam” başlığı altında videolar çəkib. İstəyir ki, “Yutub” kanalında onu izləsinlər. Mahnılar da yazır. Bizdə bu, ailəlikcə var. Ümid edirəm ki, qızımın gələcəyi ürəyim istəyən kimi olacaq.
- Sizi filmlərdə də görə biləcəyikmi?
- Orxan Mərdanlının “Qara göz” filmində epizodik rola çəkilmişəm. Film oktyabr ayında təqdim olunacaq. Filmdə Elməddin Cəfərov, Oksana Rəsulova və digər məhşurlar da rol alır. Yəni tam aktyorluq qabiliyyətimi göstərə biləcəyim film olmasa da, çəkilmişəm.
- Sizdə qəribə enerji var. İlk baxışdan adam elə gəlir ki, evdarsız.
- Hə, çox evdaram. Axşamdan-axşama evə gedirəm. Amma Moskvada 8 il evdar olmuşam.
- Bəs yenidən ailə qurmaq fikriniz varmı?
- Nə yalan deyim, evlənmə təklifləri alıram, ancaq qəbul etmirəm. Eyni səhvi bir daha etmək istəmirəm. Yəqin ki, ailə qurmayacam. Özüm boyda qızım var. Amma böyük də danışmayım…
- Səhv etmirəmsə, xınayaxdı mərasimlərinin təşkili ilə məşğulsuz. İndi bir çox məşhurlar bu işə meyl edir. Mərasimlərin hamısı standart, şablon səhnələrdən ibarətdir. Sizdə necədir?
- İndi Azərbaycanda xınayaxdı mərasimlərinə yanaşma fərqlidir. Bu işlə məşğul olanlar da həddən artıqdır. Hamı özünə komanda yığıb, dekor hazırlayıb xınalara gedir, haxıştalar oxuyur, gəlinləri ağladır. Xəyalə xanımla qərara gəldik ki, gənclərin arzuladığı, çox müasir, öz konsepti, ssenarisi olan xınayaxdı mərasimləri təşkil edək. Sifarişçilər hər şeyi bizə həvalə etsinlər, biz də onların istəklərini həyata keçirək. Bu da tamaşa səhnəyə qoymaq kimidir. Həm rejissoram, həm redaktor, həm aktrisa, həm də aparıcı. Ürəyimcə olan işdir.
Qaldı ki, bu işlə məşğul olan məşhurlara, bəziləri söz atdı, bəziləri zəng vurub soruşdu. Onlara demək istəyirəm ki, biz rəqib deyilik. Çünki biz tamam fərqliyik, fərqli-fərqli işlərlə məşğuluq. Sizdən fərqimiz budur ki, biz gedib haxışta oxuyub qaçmırıq, bütün xınayaxdılara günlərlə, aylarla hazırlaşırıq. Sanki bir layihə kimi yanaşırıq.