25 İyun 2018 14:11
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dərnəgül"ün məşhur taxta bazarına gedəndə ağlımza gəlməzdi ilk qarşımıza çıxan ördəklər olacaq. Burda ev quşları saxlayan satıcı Elşənə bu maraqla yaxınlaşdıq. Dedi, taxta satışı pis getmir, bircə problem yaradan tülküdür: “Tülkü gecə gəlib 16 ördəyimi qırdı. Yazıq quşları burda balaca damın içində saxlayıram. Bu da əlavə qazancdır…”

Bu yaxınlarda bazarda yanğın baş verdiyini xatırlatdıqda həmsöhbətimiz bildirdi ki, təhülkəsizliklə bağlı lazım olan tədbirləri görüblər: “Əlbəttə, tikinti materialı satanların hamısı istəyər ki, təhlükəsiz şəraitdə alver etsinlər. Satış üçün icazə sənədimiz də var...”

Bu qarışıq bazarda gəzdik, ərazinin nə qədər pərakəndə və səliqəsiz olduğunu gözlərimizlə gördük. Bura ərzaq və ya geyim mağazası deyil. Amma hara olur-olsun, sahman yaratmaq gərəkdir. Yanğın təhlükəsizliyi də elə bundan başlayır.

Sabir adlı satıcı bildirir ki, hər kəs ehtiyatını ilk növbədə özü görməlidir: “İnsanın özündən çox şey asılıdır. Siqareti çəkib taxtaların arasına atacaqsansa, əlbəttə, malın da yanacaq, obyektin də…“

Bəs açıq şəkildə tikinti materiallarının satışını həayata keçirmək nə dərəcədə etibarlıdır? Təxminən 20 ildən çoxdur fəaliyyət göstərən bazarda obyektlər niyə sığortalanmırlar?

Ekspert Nüsrət İbrahimov tikinti materialları bazarında malların açıq şəkildə, qablaşdırılmamış satışa çıxarıldığını deyir: “Tikinti materiallarının bu cür satışı problemə səbəb olur. Taxta materilları növündən asılı olaraq ayrı-ayrı çeşidlənməlidir. Onlar elə yerləşdirilməlidir ki, bir sektorda baş verən fövqəladə hadisə digər sahədə satılan materiallara təsir etməsin. Yanğından mühafizə tədbirləri məqsədi ilə açıq elektrik cihazlarından istifadə qadağan edilməlidir. Yaxında su ehtiyatı olmalıdır. Təəssüf ki, bu qaydalara əməl olunmadığına görə bu cür hadisələrin baş verməsi qaçılmaz olur”.

Nüsrət İbrahimovun sözlərinə görə, tikinti sektoru ilə məşğul olan şəxslər öz fəaliyyətini sığortlamaq istəyirlər. Problemin kökü əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır: “Materialları satan iş adamlarına verilən marjanın həcmi az olduğundan bu sahibkara əmlakını sığortlamağa imkan vermir. Təhlükəsizlik tədbirlərinin görülməməsi, sığortalanmaması bu problemdən irəli gəlir.

Sahibkar sığortaya əlavə pul ödəsə tikinti materialının maya dəyəri artar. Sığorta pulunu materialın əlavə etsə, qiymət qalxar. Bu isə satışa mənfi təsir göstərər”.

Teleqraf.com taxta bazarından çəkilmiş fotoları təqdim edir. Ən yaxşısı gözünlə görməkdir.

Foto: Elnur Muxtar


Müəllif: Elxan Süleymanov