30 Avqust 2014 16:32
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsgər Quliyev: “200-dək dərslik pilot məktəblərə paylanacaq”

Təhsil Nazirliyi yeni tədris ilinə 271 adda dərslik və dərs vəsaiti ilə başlayacaq. Nazirliyin Təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bununla əlaqədar AzTV-yə müsahibəsində bildirib. O, dərsliklərlə bağlı bu ilki yeniliklərdən danışarkən deyib ki, əvvəlki illərdən fərqli olaraq bu il ümumtəhsil məktəb dərslikləri 1 illik sınaqdan sonra istifadəyə verilib.

Əsgər Quliyevin sözlərinə görə, bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının aktiv cəlb olunmasına kömək edəcək. Bu sahədə ilk addım olaraq bu il iki sinif - VII və VIII siniflər üzrə dərsliklər hazırlanıb.

Hazırda dərslik hazırlanmasında müəllif sarıdan çətinlikləri nəzərə çatdıran Əsgər Quliyev bunun səbəbini 70 il Azərbaycanda dərslik müəllifləri ilə bağlı təcrübənin olmaması ilə əlaqələndirib: “Dərslik hazırlanmasına müstəqillik dövründən başlanıb ki, bu da artıq öz nəticələrini verməkdədir. Müəllifləri bu işə cəlb etmək üçün nazirlik bir sıra stimullaşdırıcı addımlar atıb. Qonorar və dərsliklərin müəllifi məsələsini nazirlik öz üzərinə götürüb.

Yəni dərsliklərin çapı nəşriyyatlar tərəfindən aparılsa da onları satışa buraxmazdan öncə mütləq nazirlikdən razılıq almalıdır.

Üstəlik, nazirlik dərsliyin çapına rəsmi razılıq veribsə, müəllifə mütləq qonorar ödənməlidir. Bu, müəllifləri işə aktiv cəlb etmək üçün atılan addımdır. Bu tədbirlər müsbət nəticə verib. Mövcud qanunvericiliyə görə nazirlik müəllifləri müəyyənləşdirmir, müəllif tender yolu ilə müəyyənləşir. Keçən il yalnız bir dərslikdə tender baş tutmuşdu.

Tender haqqında qaydalara görə, hər hansı bir lotla bağlı 3-dən artıq təklif verilirsə, o tender baş tutmuş sayılır.

Bu il isə 6 lot üzrə 3 və 4 təklif verilib. Bu isə o deməkdir ki, dərsliklər arasından yaxşıların yaxşısını seçmək imkanı artıb".

TQDK dərsliyin maketində monitorinq aparacaq

Əsgər Quliyev dərsliklərlə bağlı daha bir yeniliyi nəzərə çatdıraraq deyib ki, bu il çap olunmazdan öncə dərsliyin maketində monitorinq aparılıb: “İki ildir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dərsliklərin monitorinqinin aparılması səlahiyyəti verilib. Qurum adətən, dərsliklər çap olunduqdan sonra monitorinq aparır. Bu il isə yeni hazırlanan dərsliklərin maketləri çap olunmazdan qabaq TQDK-ya, aparıcı ali məktəblərin kafedralarına və Bakının tanınmış orta məktəb müəllimlərinə rəy və qiymətləndirmə üçün verilib. Nəticədə dərslikdəki nöqsanları minimuma endirməyə nail olduq”.

68 adda yeni, 202 adda təkrar dərslik nəşr olunacaq

Nazirlik təmsilçisinin sözlərinə görə, sentyabrdan 68 adda 2 milyon nüsxəyə yaxın dərslik çap olunub məktəblərə paylanacaq. Hər bir dərslik müəllim üçün metodik vəsaitlə təchiz olunub və bu vəsaitdə müəllimlərə yeni təlim texnologiyalarının açarı verilib: “Əvvəlki illərdə çap olunmuş və bu il təkrar çap olunacaq dərsliklərin sayı 202-dir. Bu dərsliklər TQDK-nın göstərdiyi qeydlərin əksər hissəsi nəzərə alınmaqla, üzərində yenidən işlənməklə çap olunur. Maket çapa verilməzdən qabaq bur daha rəyə göndərilib və onların ikinci ekspertiza razılığından sonra bu dərsliklər çapa hazırlanıb.

Məqsədimiz odur ki, cəmiyyətdə “bəzi dərsliklərin tədrisə yararsız” olması yanaşmasını dəyişək. Dərslikdə bir nöqsanı hər il dəyişmək mümkün deyil, çünki dərslik 4 ildən bir çap olunur . İndi bunun da yolu tapılıb. Nazirliklə TQDK müştərək dərslik portalı yaradıb. Əgər müəllim dərslikdə hansısa problem aşkarlayıbsa, anlaşılmazlıq varsa, sayta sual göndərir və məsələyə aydınlıq gətirilir".

200-dək dərslik pilot məktəblərə paylanacaq

Hazırda dərsliklərin üzərində son tamamlama işləri getdiyini deyən Əsgər Quliyev yaxın vaxtlarda dərsliklərin nazirliyə təqdim olunacağını bildirib: “Qiymətləndirmə şurasında ekspertizadan keçirildikdən sonra həmin dərsliklər 2015-2016-cı tədris ilindən məktəbə veriləcək. Yanvar ayından başlayaraq 100-200 adda çap olunan bu dərsliklər sınaq məqsədilə pilot məktəblərə göndəriləcək, sınaqdan keçirildikdən sonra növbəti ildən kütləvi tətbiqinə başlanacaq.

Yəni bu dərsliklərlə müəllimlər qabaqcadan tanış olacaqlar. Bundan başqa nazirlik gələcəkdə “səriştəli valideynlər” layihəsini də həyata keçirəcək ki, valideynlərin dərsliklərlə bağlı narahatlıqlarına aydınlıq gətirilsin".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər