Smartfonlar həyatımıza daxil olandan sonra kompüterlərdən istifadə gündən-günə zəifləməyə başladı. Buna baxmayaraq, hələ də kompüterlərə böyük tələbat müşahidə olunur.
Kompüter ustası Kənan Nəsirov Teleqraf.com-a bildirib ki, bu gün dizayn və oyun kompüterlərinin yığılması ilə bağlı müraciət edənlərin sayı daha çoxdur: “Hazırda yeni nəsil stolüstü kompüterlərin satışı yüksəkdir. Rahatlığına görə isə noutbuklar arasında yeni 8, 9, hətta 10-cu nəsillərə üstünlük verilir”.
Kənan Nəsirovun sözlərinə görə, müştərilər əsasən “HP” markalı kompüterlərdən şikayət edirlər: “Bu kompüterlərin korpusları tez sıradan çıxır. Bəzi yeni nəsil notebooklarda prosessorların xarab olması ilə bağlı şikayətlər çoxalıb. Bu onlara vaxtında qulluq edilməməsi ilə bağlıdır”.
Usta bildirib ki, profloktik tədbirlər görülmədikdə kompüterlərin ömrü qısalır: “Təmizlik olmadıqda istənilən noutbukda problem yarana bilir. Termopasta dəyişdirilməli, tozu təmizlənməlidir. Əks halda, videokart, yaxud prosessora zərər dəyəcək. Onları maye ilə təmasdan da qorumaq lazımdır. Üzərinə maye dağıldığı halda qısaqapanma olur və tez sıradan çıxır. Həmçinin, nəm dəsmalla kompüteri silmək olmaz”.
Kənan Nəsirov qeyd edib ki, kompüterin mexanizmi də işləmə müddətində vacib rol oynayır: “Kompüter format olunmalıdır, əməliyyat sistemi düzgün yazılmalıdır. Bir kompüterə daimi olaraq qulluq edilərsə, normal istismar müddəti 5 ildən 10 ilə qədər uzanır.
Lakin nəzərə alsaq ki, hər il texnologiya irəliləyir, inkişaf edir, bu kompüterlər yeni proqramları dəstəkləməyə bilər. Buna görə notebookların yenilənməsini məsləhət görürəm”.