6 Mart 2020 08:23
111 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

Teleqraf.com Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovun xanımı Məlahət Rzayeva ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Məlahət xanım xaraktercə sərt və çılğın olan Etimad bəyin çətin adam olduğuna dair fikirlərlə razılaşmır:

- ... Mən bu illər ərzində heç incimədim. Bu insan o qədər mərhəmətli idi ki. Nəyəsə acıqlana, ailədə inciklik də ola bilər, amma qəlbən kimisə qırmazdı. Acıqlı nə isə deyibsə də, üstündən 15 dəqiqə sonra narahatlıq keçirirdi, çalışırdı ortamı düzəltsin, deyirdi, canım-gözüm əlində nə vardı, çay gətir, içək. Birlikdə yaşadığımız 17 ildə əl qaldırmaq nədir, bircə dəfə özümə qarşı kobud söz də eşitmədim.

Ancaq nəvaziş və həssaslıq gördüm. Yaşadıqlarımıza görə “Etimad çətin adamdır” deyənləri qəbul etmirəm. Əksinə Etimad Əsədov çox rahat adam idi.

- Qarabağlı günləri necə xatırlayırdı?

- Şirin günlər kimi xatırlayırdı. Yay aylarında atası ilə Kəlbəcərə - yaylağa getmələrindən danışırdı. Deyirdi ki, dünyanın cənnəti Kəlbəcərdir. Kəlbəcərin təbiətinə, gözəlliyinə məftun idi. Deyirdi, Allah elə bil Kəlbəcəri ona görə yaradıb ki, insanlar cənnətin varlığına inansınlar. Uşaqlıq xatirələri mənə xüsusi zövq verirdi. Etimad bəyin uşaqlığını, yeniyetməliyini keçirdiyi o kənd, o ev, məhəllə, küçə, məktəb...

Etimadın adı olan hər yer mənə o qədər doğma görünürdü ki. Hərdən təxəyyülümü lap irəli aparıb özümü də orada təsəvvür etmək istəyirdim. İstəyirdim, mən də onların kəndinin qızı olum. Amma tez hafizəmi geri qaytarırdım ki, o vaxt orda olsaydım, indi burda olmazdım axı! Bəlkə Etimad məni heç sevməyəcəkdi, bəyənməyəcəkdi. Bəs mən Etimadın sevgisi olmadan neylərdim?! O danışdıqca ağlımdan yüz cür şeylər keçirirdim.

- Hərbi xidməti harada keçib?

- Əsgərliyini Daşkənddə çəkmişdi. Həbsxanada nəzarətçi olmuşdu. Özbəkistanı çox sevirdi. Oranın təbiətinə, barlı-bərəkətli torpağına heyran idi. Bircə Özbəkistana səfər etmək keçirdi ürəyindən. Deyirdi ki, hələ SSRİ vaxtından Daşkənd çox gözəl, çörəkli şəhərdir. Bayıl təcridxanasında olanda da əsgərlik illərini xatırlamışdı. Yazırdı ki, mənim üçün məhbəs də heç bir çətinlik yaratmır, hərdən mənə elə gəlir ki, yenidən əsgərlikdəyəm. Qeyd eləmişdi ki, burada hərbçilər çoxdur, Daşkənddə onunla hərbi xidmətdə olmuş bir əsgər yoldaşı da orada nəzarətçi işləyir və tez-tez ona baş çəkir. Deyirdi, hər dəfə o gələndə elə bilirəm dustaq deyil, elə əsgərəm.

- Bəs ailəsi Ağdamdan nə vaxt çıxmışdı?

- Etimad bəyin doğma kəndi Papravənd Ağdərəyə ən yaxın kənd idi. Kəndi ermənilər atəşə tuturmuş. Baldızım Mehriban deyir ki, mühasirə başlayanda Etimad minaya düşmüşdü. O zaman anası Bakıda imiş. Müharibədən qabaq qardaşları da Bakıya köçüb işləyirlərmiş. Etimadgilin evində atası, o vaxt hələ subay olan bacısı Mehriban və əkiz qardaşı Mötəbər qalıbmış. Qardaşı postda növbə çəkirmiş. Ailəli olan bacısı Səliqə, Məhəbbətgil də kənddən hələ çıxmayıbmış, postda dayanan əsgərlərə yemək hazırlayıb göndərirmişlər. Etimad xəstəxanada müalicə olunduğu vaxtlarda atası Bakıya gəlib, sonra da qardaşı Mötəbər. Mehribansa kəndi ən son tərk edənlərdən biri olub.

- Etimad bəy qardaşı ilə əkiz idi?

- Hamı deyir qardaşı ilə xasiyyətcə də, görünüşcə də heç oxşamırlar.

- Bayaq qardaşı ilə fotolarını gördüm, həqiqətən bənzəmirlər. Evi yəqin təzəlikcə muzeyə çevirmisiniz...

- Hə, kimdə nə şəkillər vardı, yığmışam, stend kimi düzəltmişəm, bir neçə şəklini də böyütmüşəm. Bu şəkildən çox xoşum gəlir.

“Şərq”in redaksiyasında çəkilib.

Aclıq aksiyasından sonra Etimad bəy müsahibə verməyə gəlmişdi, Rey Kərimoğlu da yanındaydı. Çay süfrəsi düzəltmişik, oturub söhbət edirdik. “Foto Rasim” kimi tanınan Rasimi dəvət etmişdik, fotoaparatını bir dəqiqə boş saxlamırdı, hər pozada çəkirdi. Elə gözəl anları lentə almışdı ki... Bu fotoda gülür, üzünün gözəl ifadəsi var, gülər çöhrəsi, cazibəli baxışları... Böyütdürüb evə gətirmişdim. Seyid Camal Əzimbəyli Etimad bəylə dost idi, qardaş kimiydilər. Bizə gəlmişdilər, bu şəkli gördü, soruşdu ki, bunu sosial şəbəkədə paylaşmaq istəyirəm, altına nə qeydi yazım? Dedim, vallah dar macalda ağlıma bir şey gəlmir. Həyat yoldaşı Sevinc xanımla gəlmişdi, onlar gedəndən sonra fikirləşdim ki, Əliağa Vahidin qəzəlindən “Səni zəmanə yetirməz dübarə, bir dənəsən” beytini yazacağam. Yeri düşəndə deyirdi, gör kişi nə yazıb ey. “Yansın dilim ağzımda, desəm nazını az et, Naz et mənə, ey sevgili canan, mənə naz et” sevdiyi beyt idi. Bu qəzəli əzbərləmişdi. Bir də gördün, deyirdi, kitabı gətir, qəzəlləri oxuyaq. Deyirdi, əşi kişi dəryadır, gör nələr yazıb. Orada bir beyt var, Səməd Mənsur adında qəzəlxanı Əliağa Vahid özünə ustad hesab edir.

Bu beyt onun beytidir, Əliağa Vahid ona nəzirə kimi yazıb. Axırda deyir ki,

Vahid, demə, mən daimiyəm zövqü-səfadə,
Mənsuru da yad etməliyik dari-fənadə.
Bu misreyii-nazi o demiş bir belə sadə,
Ya Rəbb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfünlə fəraz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Burada Mənsurun adı çəkilir. Bu qəzəli oxuyanda Etimad bəy deyirdi ki, gör bu insan onun adını beytə salıb, deyir mənim deyil ha, Səməd Mənsurundur. Vahidin qəzəlidir, amma əsas kök misra Mənsurdan gəlir. Deyirdi, insanın böyüklüyü onda görünür ki, sən özündən yüksək olanın böyüklüyünü qəbul edirsən, deyirsən ki, o, məndən üstündür. Vahid Vahidliyi ilə təsdiq edir ki, Mənsur məndən də yüksəkdədir.

- Özü şeirlər də yazırmış, deyəsən. Xüsusən Bayıldan göndərdiyi məktublarında Sizə şeirlər də yazıb...

- Hə, həbsdə olanda yazdıqlarından başqa, mən əməliyyat olunanda, Həcc ziyarətindən qayıdanda da yazmışdı. Kənddə bir qıza da şeir yazıbmış. Dostu xahiş edib, o da şeirin hər sətrini qızın adının hərfləri ilə başlayıb. Deyirdi, o vaxt belə şeirlər dəb idi. Bir dostu üçün qız qaçırmışdı, həm də bu qız qohumları imiş. Deyirmiş, nə olsun, o qohumumdur, bu da dostumdur. Məktubların birində poema yazmışdı. “Gün var əsrə bərabər” romanını göndərmişdim, Nayman ana faciəsinə çox üzülmüşdü, ona möhkəm təsir etmişdi. Ona görə “Ana faciəsi” poemasını yazmışdı. Deyirdi ki, bu rəvayətin yazılmasının “günahkarı” sənsən. Yazmışdı ki, ana müqəddəsliyi ona bu hissləri yaşadıb, sən də mənim parçam, ömür-gün yoldaşım, həm də anasız olduğun üçün, anamız üçün darıxdığımızdan bu meydana gəlmişdi, axı ikimiz bir canıq.

- Hansı mahnılara qulaq asırdı, kimləri dinləməyi sevirdi?

- Səxavət Məmmədovun ifasına qulaq asmağı çox xoşlayırdı, Allah rəhmət eləsin. Gözəl olan hər şeyi sevirdi. Məhəbbət Kazımovu da xoşlayırdı, deyirdi ki, Məhəbbət yana-yana oxuyur. Ona görə də ürəyi partladı. “Nanəli” verilişində Məhəbbət Kazımovun xatirəsi anılırdı, “İndi məndən küs görüm” mahnısı səslənirdi, Etimad bəyin yaman xoşu gəlirdi o mahnıdan, eşidəndə ağlım çaşır az qala.

Niyəsə o mahnı sanki Etimadın dilindən oxunur kimi hiss yaranır. Rus estradasını da sevirdi. Təzə mahnılar çıxan kimi kasetləri əldə edirmiş. Ən çox xoşladığı da İrina Allerqovanın mahnıları olub. Hərdən məndən soruşurdu ki, Allerqovanın mahnılarını qulaq asdırmışam sənə? Deyirdim, yox. Təəccüblənirdi ki, necə yəni, axı maşında kasetim vardı. Gülümsəyib deyirdim, canım, bu, “mənim vaxtımda” olmayıb. Sevdiyi müğənnilərdən biri də Ququş idi, Azərbaycan əsilli İran müğənnisi Faiqə Atəşin. Etimad bəy teatr, konsert sevən deyildi. Amma həmişə deyirdi ki, bircə Ququş Bakıya gəlsə, onun konsertinə gedərəm. Heyfsləndiyim bir də budur ki, o illərdə indiki kimi internet imkanları yox idi. Yoxsa, Ququşun “Uzun gecə”dəki o məşhur mahnısını Yutubda dinləyərdik. Necə də xoşuna gələrdi...

- Fotolarda da görünür, rəhbər şəxslər aclıq aksiyası keçirən qazilərə baş çəkir, nazirlər də onlarla hesablaşırdı...

- Etimad bəy deyirdi ki, cəmiyyəti təzə-təzə quran vaxtlar sıfırdan başlamışdıq. Sonra özlərini təsdiq elədilər, o vaxt Səhiyyə naziri Əli İnsanov Qarabağ Əlillər Cəmiyyətinə gəlirdi. Tələblərini ortaya qoyub özlərini təsdiq eləmişdilər, nazir artıq onlarla əlaqəyə girirdi.

Dərman preparatları gətirmişdi. Sosial Müdafiə naziri Əli Nağıyev gəlirdi. İcra başçıları gəlir, yer ayırırdılar ki, Qarabağ əlilləri satışla məşğul olsun. Qanunda kvota var, Etimad bəy bunları daha yaxşı bilirdi, işçilərdən neçəsə faizi Qarabağ əlili olmalıdır və s. Haqqı olan şeyləri dişləri-dırnaqları ilə vuruşub alırdılar. Dünya fanidir, insan fikirləşir, bu gün varam, sabah yoxam, dünyada əbədi heç nə yoxdur. Etimad bəy həmişə məktublarında yazırdı ki, axirətimizi düşünməliyik.

Çalışırdı insanlara yardım əli uzatsın. Məsələn, gəlirdi ki, bu gün bölgədən bir əlil gəlmişdi, baxdım ürəyim ağrıdı, kostyumumdan, köynəyimdən gətir, aparım. Bu insan bu gün təqaüdünü götürüb son manatına qədər xəstəyə verən insan idi. Deyirdi, bu insan müalicəyə getməlidir, düşünmürdü, sabah necə olacaq, söyləyirdi ki, Allah yetirəcək. Həqiqətən Allah yetirirdi. Etimad bəy həmişə deyirdi ki, Allah-təala deyir, elə bəndə varmı, mənimlə səxavət yarışına çıxsın, mən verdikcə o da paylasın. Sən gərək verəsən ki, Allah da sənə yetirsin. Baldızım Mehriban xatırlayırdı ki, o biri qardaşlarımdan pul istəyəndə bəzən deyirdilər, yoxdur, Etimad məktəbi təzə qurtarıbmış, yeni işə başlayıb, cibində 1 manat da olsa, çıxarıb verirdi, o qədər səxavətli insan idi. Bir iş düzəlmirdi, necə əsəbiləşirdi, amma onunla belə insan öz təmizliyini, saflığını qoruyub saxlayırdı.

Mən də az müsahibə götürməmişəm, hərdən müsahiblərə sual verirlər ki, bəyənmədiyiniz xüsusiyyətiniz nədir? Cavabında deyirlər, insanlara tez inanmağımdır. Əslində bu, pis keyfiyyət deyil, adamlara inanırsansa, deməli, təmiz insansan. Özün təmizsən ki, qarşındakına da inanırsan. Bu, onu göstərir ki, Allah-Təala sənə lütf edib belə keyfiyyət verib. Etimad bəy də eləydi, zərbələr alırdı, hərdən ad çəkirdi ki, filankəslərə kömək elədim, ayağa qaldırdım, amma yıxılanda mənə zərbə vurdular. Həmin adamlar yenə kömək üçün müraciət edəndə yardım edirdi.

Qazilər danışırdı ki, ofisdə otururduq, bir də görürdük, kimsə gəlir və deyir, Etimad bəy filan şey lazımdır, o da cavab verirdi, vallah imkan yoxdur, amma adam qapıdan çıxırdı, gözdən itməmiş deyirdi, çağırın gəlsin, birtəhər işini düzəldəcəyəm. Hətta yox dediyi insanı da qaytarırdı ki, gəl, ürəyi dözmürdü ki, ehtiyacı var.

- Bəs, Etimad bəyin son gününü necə xatırlayırsız?

- Rəbbinə etiraz etməyən insan idi, elə də getdi. Xəstələnəndə çox ağlayırdım. Etimad bəy mənim üçün hər şey idi. Acıq getməsin, ata, ana, bacı qardaş əzizdir, hamısı öz yerində, amma hamı bilirdi ki, mənim üçün Etimad bəyi heç kim əvəz eləmir. Mən elə bilirdim, atam, anam, qardaşım, bacım odur. Hamı Etimad Əsədovda cəmləşmişdi.

Bu insana o qədər güvənirdim ki. Mənə elə gəlirdi ki, bu insana heç nə ola bilməz, niyə xəstələnməlidir ki, güclüdür, hər şeyin öhdəsindən gələ bilər. Diaqnozu xərçəng çıxanda dedim ki, xərçəng nədir, sən kimlərə qarşı durmamısan, buna da qalib gələcəksən. Dedi ki, bu, ondan deyil ey, bu xəstəlik məni aparmağa gəlib, yuxumu da görmüşəm. Yenə də barışmırdım. Qəbul etmək istəmirdim. Nə qədər xərçəng xəstələri var, illərdir yaşayırlar. Mən özüm də əməliyyat keçirmişəm, özlüyümdə fikirləşirim ki, niyə Etimad bəy az yaşasın. Suallar verirəm, yenə də eyni nöqtəyə gəlirəm.

Allahın təqdiridir. Hərdən deyirəm, ay Allah, niyə mənim Etimadımı əlimdən aldın, məni tək qoydun. Axı mənim Etimaddan başqa heç kimim yoxdur. Sual verirəm, sonra deyirəm, Allah məni bağışla, sən nə yazmısan, onu qəbul etməliyik. Yenə də ürəyimdə barışmıram. Evə gəlirəm, deyirəm, bu vaxt Etimad bəyin işdən gələn vaxtıdır. Darvaza açılanda deyirdim, gələn odur. Hər şey gözümün qabağındadır, necə oturur, içəri keçəndə ayaqqabılarını necə çıxarır, paltosunu necə soyunur...

Bir dəfə deməzdi ki, get, paltomu as. Özü gedib asacaqdı, heç vaxt deməzdi ki, mənim üçün bunu elə. Həmişə istəyirdim onun istədiyi şeylər olsun. Fikirləşirdim, onun üçün başqa nə edim. Etimadsızlıq çox çətindir. Hər şeyi o qədər əhatə edən insan idi ki... Gülüşü, zarafatı, danışığı, evdəki hərəkətləri, adicə verilişə baxmağı, pişiklə davranması... Məstanı sığallamağı, ona nəvazişi gözümün qabağına gəlir, o qədər pis oluram... Deyirəm, Allah məni tez apar, belə deyəndə qohumlar acıqlanır. Etimadı tez görmək istəyirəm, onun üçün o qədər darıxıram ki... Tez boynuna sarılmaq istəyirəm. Etimada elə bağlanmışdım ki, üçüncü şəxsə ehtiyac duymadım.

O, hamını qoruyur, müdafiə, himayə edirdi. O cümlədən də məni. Ən əsas da qazi şərəfini, qazi qürurunu sonadək qorudu. Mənim üçün Etimad bəy həqiqətən də güvən yeri, sığındığım dağ insan idi. O məni xəstəlikdən qorudu, mən onu qoruya bilmədim. Bir ingilis filmi var “Gülməli qız”. Orda ana qızına məsləhət verir, deyir, həyat yoldaşını az sev, çox kömək et. Mən bunu bacarmadım. O qədər çox sevdim ki, kömək etməyi unutdum. Bunu özümə bağışlaya bilmirəm. Hərçənd başa düşürəm ki, bu, mümkünsüz idi. Allahın təqdiri belə idi. Yazıya pozu yoxdur. Etimad bəyə təbriklərimin birində belə yazmışam:

Qədər bəyaz kağızda südlə yazılmış yazı.
Əlindəsə, bəyazdan gəl də ayır bəyazı...

“Boz qurdlar” əsərindəndi. Özü də deyirdi ki, sən heç nə edə bilməzsən. Amma yenə də düşünürəm nələrsə etməliydim. Bacarmadım... Sözlərə çevrilən bu hisslər Etimadsızlığın dəhşətli ağrısındandı. Mən Etimadı görənədək bu ağrı içimdə, ürəyimdə qalacaq. Bu ağrını ancaq Etimad özü yox edə bilər. Bilmirəm, mənmi onun üçün missiya idim, omu mənim üçün missiya idi?..

O özü də axı rahatlıq verirdi. Bu insanın adı mənim üçün güvən idi, mənə arxa, dayaq idi. Etimad Əsədovun xanımı adı mənə hörmət, sayğı deməkdir. Sağ olsunlar, qazi qardaşları həmişə maraqlanırlar, kömək edirlər. “Qazi qardaşları” ifadəsi sözdə deyil, sanki insanları ağrı-acı birləşdirib. Sevginin birləşdirdiyi bir başqadır, ağrı-acının birləşdirdiyi bir başqa. Hərdən Etimad bəy məktublarında da qeyd edirdi, biz birgəyik, ağrı-acılarımız da birdir. Mən sanki Etimadın ağrısını hiss edirdim. İnsanları birləşdirən tək sevgi deyil ki. Eyni şeyə sevindiyin kimi, eyni şeyə kədərlənirsənsə, bu da səni birləşdirir. Aramızda söhbət olurdu, qabaqlar soruşurdum, sən mənim nəyimi bəyənirsən. Təbii ki, Etimad bəy bilirdi mən onu niyə sevirəm. Məğrur insandır, qəhrəmandır, mübariz, haqsevər, ədalətsevər, heç kəsin haqqına girməyən və haqq uğrunda mübarizə aparan insandır. Mən buna görə Etimad bəyi sevmişəm. Soruşdunuz necə oldu tanış olduq. Birdən-birə qığılcım parladı, sən kimisə sevdin, bu, belə deyildi.

Tanıyırdım, bilirdim ki, Qarabağ müharibəsindən çıxmış insandır, qazi qardaşları ilə birgə bizi qoruyan, namusumuzu, Vətənin qeyrətini çəkən insanlardır. Bir məqam olur, sanki ürəyinə gəlib girir. Etimad bəylə məhkəmə salonunda yanaşı əyləşirdik. Kömək edirdi, qaçırdığım məqamları xatırladırdı, ifadə verənlərin, şahidlərin adlarını dəqiq söyləyirdi. Onunla yanaşı əyləşmək sanki mənə güc verirdi, bundan böyük zövq alırdım. Münasibətlərimizin dostluq çərçivəsini aşdığını yavaş-yavaş ikimiz də hiss edirdik. Aramızdakı bağlılıq hər keçən gün artırdı. Bunu ətrafdakılar da hiss edirdi, bizə tuşlanan baxışlardan duyurdum. Aksiya vaxtı jurnalist kimi getmişdik, neçə gün idi ölümə sifariş göndərən 7 Qarabağ qazisi böyür-böyürə uzanmışdı, su da içmirdilər. Rey Kərimoğlu dedi, görüm vəziyyət necədir, qəbul edəcəklərmi. Könül Şamilqızı o vaxt “Şərq”də işləyirdi, bizim Tünzalə Məlikova və mən getmişdik, içəri keçdik, qapının ağzında durduq, gözləyirdik ki, bizi içəri çağırsınlar. Etimad bəy telefonda Hadı Rəcəbli ilə danışırdı. O vaxt deputatlar gəlirdi ki, aclığı dayandırın, belə olmaz, tələblərinizə baxılacaq. Amma dirənmişdilər ki, biz davam edirik, tələbləri yerinə yetirmirsiniz. Görünür, Hadı müəllim deyirmiş, ay bala, belə olmaz, dayandırın. Qapının arxasında danışığını eşidirdim, Etimad bəy deyirdi ki, mən sənin balan ola bilmərəm, Hadı müəllim. Bu sözü ötkəm deyirdi. Bu sözü eşidəndə elə bil bu insana daha çox bağlandım. Yəni bu sözlə bu insan özü ilə o biri təbəqə arasındakı fərqi göstərirdi, siz bizim kimi ola bilməzsiniz. Keçdik içəri, heç müsahibə almağa getməmişdik, sadəcə baş çəkməyə getmişdik, çox duyğulandıq, pərişan vəziyyətdə uzanmışdılar.

Etimad bəy deyirdi ki, canımız bərkdir, hər şey yaxşı olacaq. Özlərini tox tuturdular. Kimsə qərənfillər gətirmişdi. Sonra bildik ki, Şeyda Nəsibli gətirib qoyub. Etimad bəy zarafatından qalmadı, dedi, bir qız gətirdi, biz də dedik, Allah rəhmət eləsin. Görürsünüz də ölümü də gülüşlə qarşılayırıq. Sonra Etimad bəyə yaxınlaşdım, əvvəl düşünülməmiş şey idi, o anda ağlıma gəldi, əyildim üzündən öpdüm. O da uzanmışdı, tərpənmədi. Qızlarla orada uzananların hamısını öpüb çıxdıq. Sanki vidalaşmaq kimi.

- Məncə, bu barədə məktubda da yazmışdı.

- Bəli, yazmışdı, münasibətlərimiz yaranmışdı, deyir, yadındadır gəlmişdiniz məni də öpdün, siz otaqdan çıxdınız, elə bil otağa sükut çökdü, heç kim danışmadı, hamımızın boğazımız tutulmuşdu ki, qızlar niyə bizi öpür. Sonra özümə gəldim, dedim nə olub sizə, səsiniz çıxsın, görüm.

Məktubdasa “Tez-tez yadıma düşür, sənin məni ilk dəfə öpməyin. Saçın da üzümə dəymişdi. Sonra fikirləşdim ki, o qızın necə ipək kimi telləri var. İşə bax ki, sonra o tellər mənim oldu, ayrılmaz canım oldu...” yazmışdı. Bir jest idi, o vaxt ağlıma da gəzməzdi ki, münasibətlərimiz yaranacaq, mən bu insanı bu cür sevəcəyəm. İndi kimsə soruşanda “evdə təksən?”, dilim bir söz deyir, ürəyim başqa. “Tək niyə oluram? Etimad mənimlədi, mən Etimadsız ola bilmərəm ki!...

Bu məqam yan otaqdan Məstanın səsi gəlir. Söhbətimizin yekununda soruşuram:

- Məstan evinizin sakininə necə çevrildi?

- Bir gün işdən qayıdanda maşından qutu düşürdü. Soruşdum, bu nədir, canım? Gülə-gülə qutunu tərpətdi, yəni içində nə isə var. Quşları sevdiyini bildiyimdən elə bildim içindəki quşdur. Dedi, quş deyil. Maraq məni götürdü, qutunun qapağını açdı, balaca pişik balası çıxaranda heyrətlə dilləndim: “Ay canım, bunu neynirsən? Harada saxlayacağıq?” Nəfəsini çəkib qayıtdı ki, aparım geri? Desinlər, arvadı qoymadı pişiyi evdə saxlamağa?” Mənə bu sözü demək olarmı? Etimada belə söz dedirdərəmmi? Beləcə Məstan evimizin sakini oldu. Bu vaxta qədər pişik saxlamamışdıq, necə davranacağımı da bilmirdim, amma getdikcə ona öyrəşdim, hətta Məstan kimə daha çox isnişib mübahisəsi gedirdi aramızda. Məstanın Etimad bəylə necə oynadığını görmək lazım idi, evi az qala tərsinə çevirirdilər...

Nərgiz Ehlamqızı
Foto: Ceyhun Rəhim


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər